Bu gün Qanlı Yanvar faciəsinin 34-cü ildönümüdür.
Xalqımız 1990-cı il yanvar ayının 20-də yaşanan faciədə şəhid olan soydaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Bakıdakı Şəhidlər xiyabanını ziyarətlə yanaşı, ənənəvi olaraq metronun “20 Yanvar” stansiyasında da anım mərasimi təşkil olunur.
Oxu.Az-ın əməkdaşları da Hüzn Günündə metronun “20 Yanvar” stansiyasına baş çəkiblər.
Stansiyanın adı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş qanlı hadisədən sonra dəyişdirilib. Xalqımızın azadlıq tarixinin təməli qoyulan o müdhiş gecəni adında əbədiləşdirən “20 Yanvar” stansiyasının adı əvvəllər “11-ci Qızıl Ordu Meydanı” adlanırdı. İndi stansiyaya daxil olan qatarlarda “Bayatı-Şiraz”dan fraqment səslənir.
Stansiyada artıq matəm rəmzinə çevrilmiş qərənfillər düzülüb. Platformanın sütunlarına çələnglər qoyulub. Platformanın əsas giriş vestibülünün ön hissəsində üzərinə “20 Yanvar. Unutmadıq, unutmayacağıq” ifadələri yazılmış qərənfillərdən kompozisiya yerləşdirilib.
Stansiyanın hər iki vestibülündə 1990-cı ilin 20 yanvar gecəsinin və 1994-cü ilin 19 mart terroru qurbanlarının adları həkk olunmuş xatirə lövhələri olan divarların qarşısına qərənfillərdən çələnglər qoyulub.
Sovet qoşunlarının müxtəlif istiqamətlərdən şəhərə soxularaq silahsız insanları amansızlıqla gülləbarana qərq etdiyi o müdhiş gecə metro rəhbərliyin qərarı ilə stansiyalar sübhədək işləyərək güllələrdən xilas olmaq istəyən, sığınacaq axtaranların ümid yerinə çevrilib. Yaralanmış insanların xəstəxanalara çatdırılmasında fədakarlıq etmiş, küçələrdə yardıma ehtiyac duyanların dadına çatmış, bir sözlə, əsl qəhrəmanlıq nümunəsi göstərmiş Bakı Metropoliteni kollektivinin faciənin miqyasının dəfələrlə böyüməsinin qarşısının alınmasında əvəzsiz xidmətləri olub.
Qanlı Yanvar gecəsində metropoliten işçiləri həyatlarını riskə ataraq sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən xəstəxanalara daşıyıblar. O gecə səhərə qədər iş başında olmasaydılar, öldürülənlərin sayı minlərlə olardı.
O günlərdə Bakıda əhalinin nəqliyyata olan tələbatını ödəyən əsas vasitə də məhz metropoliten olub.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilmiş Bakı Metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov Şəhidlər xiyabanında digər günahsız qurbanların cərgəsində uyuyur.
Hüzn Günü ilə əlaqədar vətənpərvərlik mövzusunda günün ruhuna uyğun musiqi parçaları və marşlar səsləndirilir. Stansiyadan istifadə edənlər mütləq dayanıb, şəhidlərin xatirəsini yad etdikdən sonra hərəkət edirlər.
Saat 12:00-da metropoliten tunellərində olan bütün qatarlar stansiyalara çıxarılacaq və ölkə ərazisində bütün nəqliyyat vasitələrində olduğu kimi, stansiyalarda fit veriləcək. Bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad olunacaq.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər