Ötən həftə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması nəticəsində 15 nəfər hərbçimizin şəhid olması ölkəni matəmə bürüdü. Rəsmi şəkildə matəm elan olunmasa da, bir çox əyləncəli tədbirlər, konsert proqramları təxirə salındı, şou-biznes nümayəndələrindən bir neçəsi klip təqdimatı və sair kimi proqramlarını ertələdi.
Televiziyalar bu məsələyə zamanında reaksiya verməsələr də, cəmiyyətin qınağından sonra növbəti günlərdə proqramdan əyləncəli verilişlər çıxarıldı. Bu günlərdə doğum gününü qeyd edən sosial şəbəkə istifadəçilərindən bir çoxu statuslarında təbrik mesajları qəbul etmədiklərini yazdılar. Bəs görəsən toy, nişan, ad günü və sair keçirməyi planlaşdıran sadə insanlardan şadlıq mərasimlərini təxirə salan oldumu?
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bu suala cavab tapmaq üçün paytaxtda yerləşən bir necə şadlıq sarayı ilə əlaqə saxlayaraq, onlardan müştərilərinin belə bir addımı atıb-atmadıqlarını soruşub.
“Ay işığı” restoranından aldığımız məlumata görə, burda keçiriləcək toylardan biri müştərinin istəyi ilə təxirə salınıb. Səbəb isə, cəbhə xəttində gedən atışmalarda hərbiçilərimizin şəhid olması olub.
“Şuşa” restoranının administratorunun dediyinə görə, restoran tərəfindən keçirilən əyləncə və musiqili proqramlar təxirə salınıb: “Lakin, toylar keçirilir, restoran rəhbərliyinin bunu ləğv etmək səlahiyyəti yoxdur. Bu yalnız müştərilərin istəyi ilə baş verə bilər”.
“Xan bağı” restoranının adının çəkilməsini istəməyən əməkdaşının sözlərindən də aydın oldu ki, toy və şənliklər nəzərdə tutulan qrafik üzrə keçirilməkdə davam edir: “Dünən də toy olub, bu gün də var. Dövlət tərəfindən matəm elan olunmayıb. Buna görə də toyları təxirə salmağa ehtiyac görmürəm”.
Qeyd edək ki, “Neon”, “Kainat” və “Təbrik” restoranlarında da toylar keçirilməkdədir. Bu şadlıq saraylarının müştərilərindən toyu təxirə salan olmayıb.
Görünən odur ki, sosial şəbəkələrdə və mediada yaşanan matəm ab-havası restoranların işinə təsir etməyib. İstisna hallar olsa da, toy – nişan sahibləri son hadisələri nəzərə almayıb.