Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb.
Oxu.Az xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikdə restoranda əyləşə bilər.
Məsələ ilə bağlı "Boranı" restoranlar şəbəkəsinin Marketinq şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, restoranda belə bir məhdudiyyət yoxdur.
"Məkanlarımıza tək gəlməklə bağlı hər hansı məhdudiyyətimiz mövcud deyil. Qonaqlarımız istər tək, istərsə də ailə üzvləri və yaxınları ilə birlikdə filiallarımıza hər zaman buyura bilərlər.
Haqqımızda yayılan bu məlumat yanlış informasiyadır. Belə ki, qeyd olunan vaxtda "Neftçilər" filialımızda sıxlıq müşahidə olunduğundan canlı növbə tətbiq edilib və qonağa boş masa yarandıqda əyləşdiriləcəyi bildirilib".