Millət vəkili Qənirə Paşayeva böyrək köçürmə əməliyyatına ehtiyacı olan dializli xəstələrin əməliyyat xərclərinin dövlət tərəfindən ödənilməsini təklif edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib ki, bu gün xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir.
Millət vəkili deyib ki, uzun illər dializlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrək köçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir dializli xəstənin pulsuz dialez ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrək köçürmə əməliyyatı xərcləri 1 illik dializ xərclərindən daha ucuzdur.
“Nəzərə alsaq ki, dializ xəstələri illərlə dializlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrək köçürmə əməliyyatının həyata keçirilməsi həm xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər”.
Deputat təklif edib ki, 2011-2015-ci illərdə xroniki böyrək xəstələrə dəstəklə bağlı proqramda böyrək köçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın.