Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən çıxarılmış meyitin “KCA Deutag” şirkətinin əməkdaşı olduğu təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən məlumat verilib.
“Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan meyiti çıxarılmışdır.
Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Meyitin Dərinsulu Günəşli platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan “KCA Deutag” tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur”, - deyə məlumatda bildirilir.
“Aparılan araşdırmalar nəticəsində meyitin noyabrın 8-də itkin düşmüş “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının işçisi, 1964-cü il təvəllüdlü Hacıyev Qalib Məmmədtağı oğlu olduğu müəyyənləşib. Meyit artıq mərhumun ailəsinə təhvil verilib”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
11:12
“Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən cəsəd çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.
Qeyd olunub ki, cəsəd sahilə gətirilib və hüquq-mühafizə orqanlarına təhvil verilib.
Qeyd edək ki, noyabrın 8-də səhər saatlarında “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.
10:35
Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, APA hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya istinadən xəbər verir ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir.
M.Qəhrəmanlının “Facebook” sosial şəbəkəsindəki paylaşımına cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Q.Hacıyev “KCA-Deutag” şirkətinin əməkdaşıdır.
Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.
Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır: “BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.
Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir”.
U.A.
www.oxu.az