Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bu gündən nikaha daxil olmaq istəyənlər icbari tibbi müayinədən keçməlidirlər
Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.
Qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış veriləcək. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunacaq. Bu orqanların vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Nikah Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanacaq. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Ancaq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmələri ilə bağlı hələ bir sıra məsələlər də həllini tapmayıb. Məsələn, Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısını, tibbi arayış formasını müəyyən etməlidir. Prezident İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən 3 ay müddətində Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı, tibbi müayinə ilə bağlı arayışın forması müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.
Rəylər