Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu kənddə evlərə boya vurulmur - FOTO/VİDEO
Şamaxı rayonunun Dəmirçi kəndi öz qədim adət-ənənələrini qoruyur.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Dəmirçi kəndinin sakinləri evlərini hələ də təbii şirə ilə boyayırlar.
Təbiətdən əldə edilən xüsusi boya daşları ilə evlər ildə bir neçə dəfə boyanır. Yüksək qaya parçalarından ibarət olan bu şirə daşları, adətən, güclü sel axını ilə çay kənarlarına qədər gəlib çıxır. Bu şirə ilə kəndlilər öz evlərinin həm daxilini, həm də xaricini rəngləyirlər.
Əsasən, rayonun dağ kəndlərində bu cür evləri görmək mümkündür.
Kənd sakinləri bildirir ki, onlar heç vaxt pul verib boya almırlar. Qədimdən şirəni hər zaman boyaq vasitəsi kimi istifadə ediblər.
Boyaq üçün şirə bir gün öncədən isladılır. Müəyyən miqdarda suya tökülən şirə daşları həll olunduqdan sonra süzülür, təmizlənir, daha sonra isə bir parça quzu dərisi ilə divarlara vurulur.
Qatqı bir rəngdən ibarət olsa da, zövqə uyğun müxtərif rəng çalarlarından istifadə edərək şirənin rəngini dəyişmək mümkündür. Şirələnmiş ev qışda isti, yayda isə sərin olur.
Əsasən, nəmlik üçün nəzərdə tutulan bu boya insan sağlamlığı üçün də faydalıdır. Şirə özünəməxsus xoş qoxusu ilə yanaşı, astma xəstəliyindən əziyyət çəkən insanlar üçün də xeyirlidir.
Rəşad Aydın