Rusiyada COVİD-19 koronavirusu olan xəstələrin sayının artması, Moskva və digər böyük şəhərlərdə karantin tədbirlərinin tətbiqi ilə əhalinin sosial cəhətdən həssas hissəsi çətin vəziyyətə düşüb. Bu şəraitdə bir çox sahibkar, şirkət və fiziki şəxslər ehtiyacı olanlara kömək məqsədi ilə xeyriyyə aksiyaları təşkil edir. Sevindirici haldır ki, onların arasında həmvətənlərimiz də var.
Media.Az Moskvada yerləşən “Annenfeld” restoranının sahibi Cavid Lətifzadə ilə söhbət edib.
- Xeyriyyə tədbiri keçirmək fikri necə yarandı və hansı şəkildə gerçəkləşdi?
- Mən Moskvanın Qolyanovo rayonunda yaşayıram. Ailəmiz müxtəlif sahələrdə bizneslə məşğuldur. Bir çox tanışlarım çətin vəziyyətdə düşüb. Buna görə də, biz ehtiyacı olanlara, o cümlədən müharibə veteranları, pensiyaçılar, çoxuşaqlı ailələr və həkim ailələrinə kömək etmək qərarına gəldik. Pulsuz yeməyin paylanması kampaniyası haqqında sosial şəbəkələrdə xəbər verdik.

- Yeməyin çatdırılması prosesi necə həyata keçirilir? Hansı tədbirlər görülür?
- Hər şey steril şəraitdə qablaşdırılır. Çatdırılma maska və əlcəklərdə olan kuryerlər tərəfindən həyata keçirilir. Biz restorana havalandırmanı həyata keçirən və bununla da, müəssisəni dezinfeksiya edən lampa-resirkulyatorlar quraşdırmışıq. Hər belə cihazdan saatda 50 kub metr hava keçir.
Mətbəxdə işlər səhər tezdən başlayır, günorta saat 13:00-ə kimi, bir qayda olaraq, hər şey hazır olur və qablaşdırılır. Bundan sonra sürücülərimiz və könüllülər yeməkləri ünvanlarına daşıyırlar. Xeyriyyə tədbiri üçün xüsusi yemək qabları və termal çantalar da almışıq.
- Hər gün neçə nəfərə yemək çatdırırsınız? Göstərdiyiniz kateqoriyada olmayan insanlar sizinlə əlaqə qurarsa, onlara da yardım edirsiniz?
- Gün ərzində 100-150 nəfərə yemək çatdırırıq. Heç kimə imtina etməməyə çalışırıq. Bir insan bizə müraciət edirsə, deməli o, həqiqətən ehtiyac hiss edir. Rayonumuzda fəaliyyət göstərən sosial xidmətdən mənə yaşlı bir cütlüyün (hərəsinin 90 yaşı var) əlaqə nömrəsini verdilər. Övladları olmadığından yardım əli uzadacaq kimsələri yoxdur. Zəng etdim, öyrəndim ki, üç ildir ət yemirlər. Belə insanlara necə kömək etməyəsən?
- Belə çıxır ki, yerli administrasiya ilə birlikdə işləyirsiniz?
- Biz bu aksiyaya aprelin 17-də başlamışıq. Əvvəlcə yerli administrasiya aksiyaya qoşulmadı. Karantində qərarların qəbul edilməsi ləngiyir. Onlardan cavab gözləmədən aksiyaya başladıq. Lakin sonradan Qolyanovo rayonunun administrasiyası bizi dəstəklədi, Böyük Vətən Müharibəsi veteranlarından 50 nəfərin siyahısını təqdim etdi. Düşünürəm ki, hər kəsə kömək edə bilərik, həm də böyük bayram - faşizm üzərində Qələbə günü yaxınlaşır.
- Sizin rasionunuz restoran menyusunu təkrarlayır, yoxsa xüsusi bir şey hazırlayırsınız?
- Menyu hər gün yenilənir. Bu, şorba, ət yeməyi, salat və desertdir. Yəni yetkin insan üçün tam dəyərli nahardır. Yeməkləri iş günlərində, yəni bazar ertəsindən cümə gününə qədər çatdırırıq. Ancaq ötən həftəsonu Pasxa olduğuna görə həmin günü də işlədik.

- İnsanlar sizin aksiyanıza necə münasibət bəsləyirlər?
- İnsanlar bizə kömək etdiyimiz üçün yazırlar, videomesaj göndərirlər. İşimizin qiymətləndirilməsi çox xoşdur. Bizim üçün bu, gələcək işlərimizə əlavə stimuldur. Qoy xeyirxah fəaliyyətimiz hər kəs üçün nümunə olsun. Bütün həmvətənlərimi aksiyamıza qoşulmağa, ehtiyacı olanlara kömək əli uzatmağa çağırıram. Bizimlə birlikdə olması vacib deyil, elə hamı yaxınlığında yaşayan birinə kömək etsin. Üstəlik, indi kömək etməyin hər bir müsəlmanın birbaşa vəzifəsi olduğu müqəddəs Ramazan ayındayıq.
- Karantin şəraitində biznesiniz necə gedir? Qazancınız çatdırılma xidmətindən gəlir? Dövlətdən kömək varmı?
- Çatdırılma xidmətimiz var, amma praktiki olaraq dayanıb. Biznes, necə deyərlər, yerində sayır. Yalnız burada deyil, bütün Moskvada belədir. Hökumət sahibkarlara kömək tədbirləri elan etdi. Misal üçün, işçilərə maaşları ödəmək üçün sahibkarlara faizsiz kredit veriləcək. Ancaq qəribə nüanslar var. Məsələn, işçilərimin maaşı orta hesabla 50 min rubl (1 138 AZN) təşkil edir. Aşpazlar 100 min rubl (2 277 AZN) alır. Dövlət hər işçi üçün minimum əməkhaqqı ödəməyə hazırdır, Moskvada bu, təxminən 20 min rubldur (455 AZN). Olduqca gülməli vəziyyət ortaya çıxır. Dövlət mənə işçilərimə beş dəfə az əməkhaqqı ödəməyi təklif edir, üstəlik, verilən vəsaitin geri qaytarılması lazımdır. Burada birbaşa, konkret kömək yoxdur, hər halda yerli sahibkarlar bunu hiss etmirlər.
- Bəs bu vəziyyətin öhdəsindən necə gəlirsiniz? Kadrları ixtisara saldınız, ya maaşları azaltdınız?
- Bu problemlə öz gücümün hesabına məşğul olmağa qərar verdim. Xoşbəxtlikdən, necə deyərlər, “toplanmış piy” var idi. İndi yavaş-yavaş həmin kapitalı “əridirəm”. Bundan sonra nə olacağını bilmirəm. Əsas odur ki, işçilərimi incitmirəm, bir nəfəri də işdən çıxarmamışam. Əməkhaqqından yalnız bonus hissəsini çıxarmalı oldum. O, dövriyyə ilə yaranırdı və dövriyyə olmadığından bonus yoxdur. Maaşları isə hər kəs mütəmadi olaraq alır.

- Bundan əvvəl xeyriyyəçilik işində təcrübəniz olub?
- Mən ictimai işin bütün məziyyətlərini Rusiya Azərbaycanlı Gənclər Birliyində (AMOR) əldə etmişəm. Kutafin adına Hüquq Akademiyasını, daha sonra Moskva Dövlət Universitetinin magistraturasını bitirmişəm. Uzun müddət AMOR-la sıx əlaqədə idim, Hüquq Akademiyasında Azərbaycanlı tələbələr klubunun sədri olmuşam. Təşkilatımızın məqsədlərindən biri də Azərbaycan xalqının ən yaxşı ənənələrini qorumaqla gənc azərbaycanlıları Rusiya cəmiyyətinə inteqrasiya etməkdir. AMOR xeyriyyəçilik işləri ilə çox məşğul olur və bu ənənələri davam etdirə bildiyimə görə şadam.
Bu gün təşkilatdakı aktiv işlərdən bir az uzaqlaşmışam, çünki onun sıralarında əsasən tələbələr olur. Amma “alma-mater”ə hər cür dəstək verməyə hazıram. Biz AMOR-un müxtəlif tədbirləri üçün məkan təmin etmişik. Sevinirəm ki, indiki azərbaycanlı tələbələr bizim nəslin gənclərindən heç də az fəal deyil.
- Moskvadakı tanışlarınız, xüsusən də azərbaycanlılar arasında yoluxanlar varmı?
- Tanışlarım, o cümlədən azərbaycanlılar arasında koronavirusa yoluxanlar var. Onlardan biri həyat yoldaşı ilə xəstəxanaya yerləşdirilib, uşaqlar isə evdə müalicə alır. Bundan əlavə, əslən rusiyalı olan yaxın dostumun əmisi koronavirusdan ölüb. Bu virusa görə xəstəxanaya düşən bir tanışım var, onun evdə köməyə ehtiyacı olan yaşlı valideynləri qalıb. İndi elə bir vəziyyət yaranıb ki, milliyyətindən asılı olmayaraq, hər kəsə kömək etmək lazımdır. Hər kəsin birləşməsi və mümkün qədər kömək etməsi gərəkdir.