Çində ziyarətçilər uğrunda rəqabət mübarizəsində qalib gəlmək üçün iki restoran öz yeməklərinə tərkibində insanda vərdiş yaradan kodein və morfin maddələrinin olduğu xaş-xaş tozu səpməyə başlayıblar.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qalmaqal Çinin Quançjou əyalətində Qida məhsulları və dərmanlara nəzarət administrasiyası tərəfindən 70 restoranın yoxlanılmasından sonra qızışıb.
Administrasiyanın əməkdaşı Çan Ke deyir ki, təhlükəli maddələri restoranların öz yeməklərinə vurduqları ətirli souslarda və marinadlarda aşkarlayıblar.
Yoxlama insanın qida və əsəb sisteminə dağıdıcı təsir göstərə biləcək bir neçə maddə aşkarlayıb. Bu maddələrin tərkibinə kodein, morfin, papaverin, noskapin və paramorfin daxildir.
2012-ci ildə müfəttişlər Tzyansu əyalətində restoranlarda satılan 400 yeməyi yoxlayıblar və onların 10%-də xaş-xaş tozu aşkarlayıblar.
Bloqerlərdən biri Yangtse Evening News qəzetinə bildirib ki, bu yaxınlarda dostları ilə birlikdə restorana gedib və orada tərəvəzlə ət yeyib. Yeməyin dadı ona qəribə görünüb və bloqer, onun tərkibində qadağan olunmuş maddələrin olmasından şübhələnib. Bir neçə gündən sonra eyni restoranı ziyarət edərək həmin yeməkdən yeyən bloqer sonradan sidik analizi verib və məlum olub ki, onun sidiyində heroin var.
Belə maddələri satanlardan biri bildirib ki, əksər restoranlar yeməklərinə narkotik qatırlar, çünki “əks halda ziyarətçilər yenidən həmin restoranlara qayıtmırlar”.