Pandemiya zamanı səyahət etmək yuxu kimi səslənir. Bir çox ölkə ilə sərhədlər bağlıdır, hökumətlər məhdudiyyətlər qoyub və hər ölkənin öz giriş-çıxış qaydaları var. Səyahət sferası elə bir mərhələyə qədəm qoyub ki, vətəndaşın sağlamlığı bu sahənin gələcək inkişaf xəttini təyin edir. Vəziyyəti qiymətləndirsək görərik ki, virus hələ uzun müddət yanımızda olacaq.
Hər işarənin sanki COVID-19 haqqında haray saldığı vəziyyətdə səyahətçilərin edə biləcəyi ən yaxşı şey düzgün hazırlaşaraq yola çıxmaqdır. Səyahəti planlaşdırarkən getdiyiniz ölkənin qaydaları, daxil olma və hətta ayrılma tələbləri, koronavirus infeksiyası üçün testin müddəti, peyvəndin vacibliyi və bir çox digər nüanslarla tanış olmağınız vacibdir.
Təhlükəsiz uçuşların, həmçinin pandemiyadan əvvəl ən çox tələbat olan uçuş istiqamətlərinin təyin edilməsi üçün açar rolunu “IATA - Travel Pass”ın mobil tətbiqi oynayır. Bu nədir və üstünlükləri nələrdir - bu barədə daha ətraflı məqalədə.
“Travel Pass”- hava səyahətçiləri üçün hazırlanmış Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məhsuludur. Onun geniş istifadəsi COVID-19 risklərinin azaldılmasına müsbət təsir göstərəcək və uzun müddətdə bu və ya digər ölkəyə giriş prosedurlarının sadələşdirilməsinə yardım edəcək. O, sərnişinlərin PCR testinin tələblərinə uyğun olaraq səyahət təşkil etmələrinə (indi dünyanın əksər ölkələrinin girişi üçün test tələb olunur), gələcəkdə isə koronavirus infeksiyasına qarşı peyvənd olunmalarına kömək edəcək.
Təcrübə sübut edib ki, testdən keçmək koronavirus səbəbiylə sərhədlərini bağlayan ölkələrə təhlükəsiz uçuşlara qayıtmağın təsirli üsuludur.
Tətbiqin kontaktsız formada istifadəsi sözün əsl mənasında zərurət idi. Belə ki, bu üsulla saxtakarlıq ehtimalı tamamilə sıfıra endirilir. Belə ki, rəqəmsal səyahət kartı səyahətçilərin məlumatlarının təhlükəsizliyi nəzərə alınmaqla yaradılıb, o, COVID-19-la bağlı olan məlumatlarını telefonunuzda saxlamağa imkan verir. Sərnişinin özündən başqa heç kim tətbiqdə olan məlumatlara daxil ola bilməz. Səyahət müddətində şəxs özü onda olan bütün lazımi elektron sənədləri asanlıqla idarə edə bilir.
Tətbiqin istifadəçilərinə TIMATIC bazasına əsaslanan və uçuş zamanı aktual beynəlxalq səyahət tələblərinin mərkəzləşdirilmiş kataloqu - daim yenilənən və koronavirus infeksiyası ilə bağlı olan vacib səyahət məlumatlarına giriş imkanı yaradılır. Eyni zamanda, bu həll PCR testinin aparılması üçün laboratoriyaların tapılmasına da kömək edir.
Səyahət kartının ən böyük üstünlüyü, məsələn, qeydiyyat məntəqələrində və ya sərhəd nəzarət məntəqələrində “qaynar nöqtələr”in meydana gəlməsi barədə xəbərdarlıq etməsidir. Sərnişinlər hava limanından həm daha az fiziki təmas, həm də daha rahat şəkildə keçirlər. Bu tətbiqlə uçuş öncəsi COVID-19-la əlaqəli rəsmiləşmələrə sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalır.
Beləliklə, “IATA Travel Pass” tətbiqi vasitəsi ilə rəqəmsal pasport təqdim etmiş sərnişinlərə qeydiyyat məntəqələrində prioritet qaydada xidmət göstərilir. Sərnişinlər həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdıqda sərhəd nəzarətinin prioritet keçid xidmətlərindən istifadə edə bilərlər.
Azərbaycanda AZAL və “Buta Airways” aviaşirkətləri bu tətbiqi ən çox tələb olunan istiqamətlərdə test rejimində istifadəyə verib. Test müddətində (20 sentyabr tarixinə qədər) təmassız vasitədən istifadə edən səyahətçilər “IATA Travel Pass”ın üstünlüklərini ilk olaraq qiymətləndirə biləcəklər.
Səyahətçi qeydiyyatdan keçdikdən sonra üzvlər üçün hazırlanmış xüsusi təkliflərdən də istifadə edə bilər. Rəqəmsal səyahət kartından istifadə edərkən “AZAL Miles” bonus proqramının hər bir üzvünə əlavə 250 bonus mil əlavə olunacaq.
Həmçinin, Bakıdan gedən sərnişinlər artıq “Travel Pass” mobil tətbiqinə qoşulmuş klinikalarda və laboratoriyalarda PCR müayinəsində endirim əldə edəcəklər. Endirimin məbləği klinikadan və ya laboratoriyadan asılıdır.
“IATA Travel Pass” və ondan necə istifadə ediləcəyi barədə ən əhatəli məlumatı AZAL aviaşirkətinin saytında əldə edə bilərsiniz: https://www.azal.az/ru/information/iata-travel-pass.