Kubra Məhərrəmova yazır...
Onsuz da bu pandemiya olan-qalan əsəblərimizi də sıradan çıxartdı. Maddi-mənəvi çətinlik yaşayan insanların dərdi azmış kimi, bir tərəfdən də bəzi məmurlar qana susamış kimi insanlara əziyyət verir.
Hər dəfə hansısa icra başçısı həbs olunanda, vəzifəsindən azad olunanda, qurumlarda DTX əməliyyat aparanda, deyirsən ki, yəqin bu dəfə digərlərinə dərs olar. Üstündən heç iki gün keçmir, eşidirsən ki, bir başqa məmur başqa qələti edib.
Çoxlarının da insanlarla davranışı yox, iş görməyi yox, hələ özünü hansısa ərazinin fironu zənn edənlər də az deyil. Bir şey olanda da deyir, “get kimə şikayət edirsən, et”.
Bu qəbil məmurlar hələ də başa düşmürlər ki, bıçaq sümüyə dirənəndə, adamın itirməyə heç nəyi qalmayanda, bu gün səhər baş verən hadisələr baş verəcək. Hələ bu insanlar heç bir zorakılıq, “özünü yandırma aksiyası” keçirmədən, çox sivil və dəqiq etiraz aksiyası keçirdi. Mənim yadıma belə aksiya gəlmir.
Gündəm olan hadisə odur ki, Bakıda, Heydər Əliyev prospektində TIR sürücüləri yolu bağladı.
TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb:
“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.
Açığı bu aksiyaya görə sevindim. Deməli cəmiyyətdə normal etiraz mədəniyyəti formalaşır. Düzdür bağlanan yolun sayəsində xeyli insan işə, evə, həkimə, xəstəxanaya gecikdi. Amma bütün Azərbaycan da xəbərdən hali oldu. Və cəmiyyət birmənalı olaraq TIR sürücülərinin yanında oldu. Bir nəfər belə sosial şəbəkədə yazmadı ki, bəlkə sürücülər səhv edir, bəlkə sürücü hansısa qanunu pozub?
Bilirsiniz niyə? Çünki bu cəmiyyət məmurunu çox yaxşı tanıyır. Bilir ki, əksər hallarda bir sıra məmurlar vətəndaşlara, onların problemlərinə diqqət etmir. Başdansovdu yanaşır. Ancaq öz marağında olan halda vətəndaşı qəbul edir.
Etiraf etməliyik ki, aralarında işinə məsul yanaşanlar da var. Amma çox halda biz məmur özbaşınalığı ilə rastlaşırıq. Bunu dəfələrlə ölkə başçısı da danışıb, deyib. Çox sərt addımlar da atıb bu məsələdə. Amma o, “kreslo” dediyində nə varsa, çoxunu yoldan çıxarır. Çoxunun özü bir tərəfə, katibəsi, sürücüsü, qayınatası olur milyonçu. Övladı da klublarda başlayır xalqın uşağını döyməyə.
Səhər baş verən hadisəyə isə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ilk reaksiyası bu oldu ki, Bakıda dörd yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.
Əvvəl şayiə yayıldı ki, guya TIR-ın üzərində adı yazılan məmurun birinə, DANX-ın sədri Anar Rzayevə xəbərdarlıq edilib, digəri, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə işdən çıxardılıb.
Bu xəbəri cəmiyyət elə alqışladı ki, elə bil ikinci dəfə müharibədə qələbə qazanmışıq. Düzdür sonra xəbər təkzib olundu. Amma yenə də bu xəbərə xalqın reaksiyası səmimi idi. Xalq bunu gözləyirdi.
Hər bir məmur anlamalıdır ki, yaxşısı da, pisi də, bu gün cəmiyyət bu zümrəni sevmir. Çünki xalq üçün məmur obrazı zülmkar obrazı ilə birdir. “Bir qalanın sirri”ndəki Simnar xan kimi.
“Qurunun oduna yaş da yanar” deyiblər. İndi pisin oduna, yaş da yanır.
Odur ki, məmur zümrəsi özünə bir hesabat verməlidir. Yaxşısı da, pisi də.
Dövlət qulluğundan olan hər bir kəs anlamalıdır ki, o ilk növbədə dövlətin ona həvalə etdiyi işi icra etməlidir. Daha qohum-əqrəbası üçün “imperiya” qurmalı deyil.
Bir də, bu dünyanın elə gözəl mizan-tərəzisi var ki. Nə qədər hərlədib-fırlatsa da, axırda boğazlayır adamı. Etdiyin bütün haqsızlıqlara görə cavab verməyə məcbur edir. Onda nə himayədarlar, nə də milyonlar köməyə gəlmir.
Çox uzağa getməyin. Dünənə kimi qarşısında dördqat təzim edənlərin dörd günə necə urvatsız, hörmətsiz olduğuna şahid olduq. Bir zamanlar ayaqqabısının bağını bağlamağı özünə şərəf duyanlar necə də rahatcasına onun üzünə durdu. Qılıncının dalı da, qabağı da kəsənin indi salamını almırlar ki, sən Allah uzaq dur.
Nəticə çıxarın, cənablar. Bu dünya köhnə dünyadır. Siz nə qədər yeni oyunlar oynasanız da, nəticə elə köhnə olacaq.