Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Xəzər Xəbər” süjet hazırlayıb.
Bildirilib ki, direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər. Bu zaman hər kəs üçün isə fərqli məbləğ tələbi qoyulub. Səsyazısı yayılan direktor və müavini barəsində ciddi addımların atıldığı bildirilir.
Bu səsyazısında direktor təhsil müəssisəsi üçün müəyyən məbləğin yığılmasını tələb edir. Hətta bunun tapşırıq olduğunu da deyir. Qalmaqala səbəb olan səs yazısı Sumqayıt şəhərindəki məktəblərin birində yayılıb.
Səsyazısı yayılan şəxsin 26 saylı tam orta məktəbin direktoru Arzu Şükürova olduğu iddia edilir. Direktor guya Gigiyena və Epidemiologiya şöbəsinin məktəbə gəldiyini və onlara cərimə yazdığını bildirir. Qarşılığında isə yığılan vəsaitin onlara veriləcəyi açıqlanır.
Faktı Sumqayıt şəhər Təhsil şöbəsi də təsdiq edib. Adıçəkilən qurumdan həmin məktəbdə yayılan səsin həqiqətən Arzu Şükürovaya aid olduğu müəyyən edildiyi bildirilib. Verilən qərara əsasən, direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad ediliblər.