Millət vəkili Ayaz Orucov mətbuatda ona məxsus olduğu bildirilən binanın sökülməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, A.Orucov Qafqazinfo-ya açıqlamasında bunları deyib:
“Mənə məxsus olan bina yoxdur. Milli Məclisin deputatıyam. Başqa fəaliyyət növüm yoxdur. Mənim binam var?”.
13:29
Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucova məxsus olduğu bildirilən obyekt sökülür.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, sökülən çoxmərtəbəli bina metronun “Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospektində yerləşir.
Saytın hadisə yerində olan əməkdaşına bildirilib ki, çoxmərtəbəli binanın sökülməsinə səbəb burada yeraltı tunel və yol qovşağının inşası ilə bağlıdır.
Qeyd edək ki, sözügedən binada “İndesit”, “İspaniolla” və daha bir neçə xarici firmanın Azərbaycandakı distribüter şirkəti, məişət avadanlıqları, mebel və digər mağazalar şəbəkələri yerləşirdi.
Yeri gəlmişkən, sökülən obyekt iki il öncə yüksək səviyyədə təmir olunmuşdu.
Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib.
O, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb. 2003-cü ilin mayında A.Orucov həmin vəzifədən çıxarılıb.