Millət vəkili Qənirə Paşayeva ötən gecə cəbhədə baş verən olaylara görə telekanallardakı əyləncəli verilişlərin yayımdan qaldırılmasını tələb edib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, deputat Facebook səhifəsində şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib:
“Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Millətimizin başı sağ olsun!”.
Millət vəkili telekanallar və radiolara da səslənərək əyləncəli verilişlərin dayandırılmasını tələb edib:
“Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, mesaj gəlib. Bir çox insanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər. İşğalçı Ermənistanı və onunla bərabər arxasında duran dövlət və güclər Allahın lənətinə gəlsinlər. İnşallah, onlar layiq olduqları cəzanı alacaqlar”.