Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib.
İclasa məhkəmələrə hakimlərin təyin edilməsi məsələsinin müzakirəsi ilə başlanılıb.
Oxu.Az Qafqazinfo.az-ya istinadan xəbər verir ki, bununla bağlı çıxış edən millət vəkili Fazil Mustafa hakimlərin əməkhaqqının qaldırılmasını vacib hesab etdiyini bildirib.
“Sosial təminatlarında dəyişiklik olmalıdır. Çünki onların maaşının çoxu kommunal xərclərə sərf olunur. İstərdim bu təklifi nəzərə alasınız. Eyni zamanda onların təhlükəsizliyi məsələsi təmin olunmalıdır” – deyə, deputat vurğulayıb.
Millət vəkili İqbal Ağazadə də həmkarı F.Mustafanın fikirləri ilə razılaşdığını bildirib:
“Hakimlərin maaşı qaldırılmalıdır. 600-700 manat maaş alan hakim əlbəttə ki, rüşvət almadan, korrupsiyaya yol vermədən qərar verməyəcək. Onlara elə əmək haqqı verilməlidir ki, rüşvət almasınlar. Yeni təyin olunacaq hakimlərdən də xahiş edirəm ki, siyasi məhbusların işlərinə dürüst baxsınlar. Tofiq Yaqublu, İlqar Məmmədov, Nidaçılar, Yadigar Sadıqova azadlıq verilsin”.