Piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi maarifləndirici tədbirləri davam etdirir.
Oxu.Az xəbər verir ki, bu dəfə keçirilən reyd və maarifləndirici tədbirdə məktəblilər də iştirak edib.
Tədbir çərçivəsində DİN-in Baş Dövlət Yol İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin əməkdaşı Toğrul Nəsirli, Minarə Abdullayeva, polis leytenantı Elvin Hacıyev və digərləri iştirak ediblər.
Məktəblilər əvvəlcə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində olub, burada çalışan əməkdaşların iş prinsipi ilə tanış olublar. Uşaqların yol hərəkəti qaydalarına düzgün riayət etməsi və qaydaları pozan şəxslərə qarşı dərhal reaksiya vermələri üçün onlarla söhbətlər aparılıb.
Uşaqlara maraqlı olan məqamlardan biri də həqiqi xidmət başında olan DYP əməkdaşlarının iş prinsipi olub. Növbəti istiqamət də məhz onları maraqlandıran məsələlərə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu oldu.
Ekologiya Postunun əməkdaşları yollarda sərxoş və narkotik maddə istifadəçisi olan sürücülərlə hansı formada mübarizə apardıqları barədə danışıblar. Məktəblilər sərxoşluğu müəyyən edən alkotester cihazı və digər texniki vasitələrlə tanış olub, bir neçə dəqiqə DYP əməkdaşı kimi təhlükəsizlik kameraları vasitəsilə avtomobillərin yollarda hərəkətinə nəzarət ediblər.
Hər gün paytaxtın sıxlıq olan istiqamətləri barədə məlumatlar paylaşılır. Bu məlumatların hazırlandığı yer isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzidir ki, bizim də məktəblilərlə növbəti dayanacağımız elə bura oldu.
Burada böyük monitorlar vasitəsilə paytaxt yollarındakı vəziyyət, hansı istiqamətdə nəqliyyatın sıxlığının müşahidə edildiyi aydın görülür. İş prinsipi çərçivəsində paytaxtın intensiv hərəkət olan küçə və prospektlərində hərəkətin tənzimlənməsi ilə bağlı məlumat verilib.
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı həyata keçirilən "Dövlət Proqramı" çərçivəsində gerçəkləşdirilən tədbirlə bağlı məlumat verən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, əsas hədəflərimizdən biri yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi zamanı yollarda uşaq travmalarının qarşısının alınmasıdır:
"Məktəblilərin yol təhlükəsizliyi qaydalarına erkən yaşlarda yiyələnmələri gələcəkdə məsuliyyətli sürücülərin sayının artması deməkdir. Bu həm də yollarda baş verə biləcək qayda pozuntularının sayının azalması deməkdir".
Masazır 2 saylı məktəbin müəlliməsi Elyanə Kərimova, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Ülviyyə Abdulova da layihənin dövlət qurumları tərəfindən yüksək qiymətləndirilməsi, göstərilən dəstəyə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
DİN-nin Ekoloji nəzarət postunda və NİİM-də DYP əməkdaşları ilə bir gün - REPORTAJ + VİDEO
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər