“Binəqədi rayonu, S.S.Axundov küçəsi 3a ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb”.
Bunu Oxu.Az-a açıqlamasında xidmət rəsmisi Qafar Ağayev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı ərazidəki ağacların torpaq mülkiyyətçisi Ulduz Quliyeva tərəfindən qanunsuz kəsildiyi müəyyən edilib:
“Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi ilə bağlı toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmək üçün hazırlanır”.
18:33
Daxili İşlər Nazirliyi Binəqədi rayonunda sakinlərin ağac kəsilməsinə etiraz etməsi barədə yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Binəqədi rayonu ərazisində yerləşən həmin torpaq sahəsi şəxsi mülkdür:
“Ərazidə təmizləmə işləri mülkiyyətçi tərəfindən aparılıb. Ərazidə polis əməkdaşları asayişi təmin edib. Hər hansı hüquqazidd əməl müşahidə edilməyib”.
17:45
Bakı şəhərində sakinlər ağacları kəsən mülkiyyətçiyə görə etiraz edirlər.
Oxu.Az-ın məlumatına görə, Ulduz Quliyeva adlı qadın Binəqədi rayon, 7-ci mikrorayon ərazisində torpaq alıb.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşadıqları binanın qarşısındakı ərazini Ulduz adlı qadın alıb və ağacları kəsdirib.
Vətəndaşlar hazırda buna etiraz edirlər. Əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər.
Eyni zamanda ictimai asayişi qorumaq üçün əraziyə çoxsaylı polis əməkdaşları toplaşıblar.
Məsələ barədə rəsmi qurumlar münasibət bildirməyib.
İlhamə Əbülfət