Böyük Britaniyanın “Times Higher Education” jurnalı və “Thomson Reuters” agentliyi 2014-2015-ci illər üçün dünya universitetlərinin reytinqini hazırlayıblar.
Oxu.Az xəbər verir ki, “Times Higher Education World University Rankings 2014-2015” reytinqində ilk pillədə ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu qərarlaşıb.
Reytinqdə 2-ci yerdə ABŞ-ın daha bir ali təhsil müəssisəsi – Harvard Universiteti, 3-cü pillədə isə Böyük Britaniyanın Oksfordu qərarlaşıb.
ABŞ-ın Stenford və Böyük Britaniyanın Kembric universitetləri siyahıda müvafiq olaraq 4 və 5-ci yerləri tuturlar.
Digər mühüm məqam isə ondan ibarətdir ki, dünyanın ən yaxşı 10 universitetindən 7-si ABŞ-da yerləşir.
Belə ki, reytinqdə ABŞ-ın Massaçusetts Texnologiya İnstitutu, Prinston Universiteti, Kaliforniya, Berkli Universiteti, Yel Universiteti də ilk onluqda qərarlaşıblar.
Dünyanın 400 ən yaxşı universitetindən ibarət reytinq siyahısında Azərbaycanı təmsil edən bir ali təhsil müəssisəsi yoxdur.
Qonşu Türkiyənin Orta Doğu Texnoloji Universiteti (OTDÜ) 85-ci, Boğaziçi Universiteti isə 139-cu yerdə qərarlaşıb.
Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti isə 196-cı yerlərdə qərarlaşıb.
Qeyd edək ki, reytinqin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür.