Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı piyadalara müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:
“Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır.
Təsadüfi deyil ki, mövcud meteoroloji şəraitdə yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına əhəmiyyətli dərəcədə təsir göstərir.
Bununla yanaşı, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl olunmaması, həmçinin sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementləri olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.
Lakin bəzən qar və ya yağış səbəbindən səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud yağmurlu havalarda intizamsız sürücülərin yolun ən müdafiəsiz iştirakçısı olan piyadalara qarşı məsuliyyətsiz davranışı piyadalar üçün əlavə çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır”.
10:16
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir:
“Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq”.
Rəylər