Azərbaycanda əcnəbilər barəsində qəbul edilən deportasiya qərarlarının əsas səbəbləri açıqlanıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Oxu.Az-ın sualını cavablandırarkən bu barədə danışıb.

Onun sözlərinə görə, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı əsasən qanunsuz əmək fəaliyyəti və uzun müddət qeydiyyatsız yaşama hallarında tətbiq edilir:
"Şəxsin vizasının müddəti bitdikdən beş və ya 10 gün sonra ölkəni tərk etməsi deportasiya ilə nəticələnmir. Burada söhbət üç ay, beş ay və ya daha uzun müddət qanunsuz qalmaqdan gedir. Həmçinin əvvəllər eyni pozuntuya görə cərimələnən şəxsin sonradan həmin pozuntunu təkrar törətməsi də deportasiya qərarına səbəb ola bilər".
Xidmət rəisi qeyd edib ki, bəzi hallarda əcnəbilər ölkədə bəyan etdikləri məqsəddən fərqli fəaliyyətlə məşğul olurlar:
"Məsələn, şəxs ölkəyə turist kimi daxil olur, lakin sonradan başqa fəaliyyətlə məşğul olur. Belə hallar da inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarının verilməsinə əsas yarada bilər".