Koronavirus pandemiyası uşaqlara da çox çətin günlər yaşadıb. Bu onların sağlamlığına, təhsilinə də təsirsiz ötüşməyib.
Oxu.Az xəbər verir ki, bu sözləri UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bu gün keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim-mənim hüquqlarım” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, pandemiya uşaqlara, bir çox ailələrə maddi çətinlik gətirdi:
“Uşaqlar imkan vermədi ki, virus onların həyatını tam dayandırsın. Yeni şəraitə uyğunlaşaraq onlayn dərslərə, digər tədbirlərə qoşulurdular. İcmalar vasitəsilə onlayn şəkildə koronavirusla mübarizə məqsədilə məlumatlar paylaşırdılar.
Uşaqlar valideynləri üçün çətin pandemiya şəraitini asanlaşdırmaq üçün dəstək olmağa çalışırdılar. Bütün bu zaman ərzində uşaqların sağlam yaşam hüququ, təhsil hüququ qorunub. Biz hər zaman uşaqların fikirlərini dinləyib, onlar barədə verəcəyimiz qərarlarda nəzərə alırıq”.
Könül Cəfərli