Dünyada elm muzeyləri çox olsa da, onun real gücünü nümayiş etdirənlər barmaqla sayılacaq qədərdir. Bu gün sizi elmin nələrə qadir olduğunu şəxsən görə biləcəyiniz, təcrübə, sınaq keçirmək imkanı tanıyan bir məkanla, ölkədə fəaliyyət göstərən yeganə İnteraktiv Elm Muzeyi ilə tanış edəcəyəm.
Bu muzeydə 150-dən çox müxtəlif eksponat sərgilənir ki, siz onların hər birinin çalışma mexanizmini öyrənə, eləcə də sınaqlarda şəxsən iştirak edə bilərsiniz.
Muzeyin təsisçisi mühəndis Elçin Abbasovdur. Buradakı eksponatları toplamağa 1998-ci ildən başlayıb. Muzey ilk dəfə Elçin Abbasovun öz evinin birinci mərtəbəsində yerləşib, lakin sonra “Hədəf” liseyinin rəhbərliyi elmin tədrisində xüsusi rol oynadığını düşünərək muzey üçün otaq ayırıb. Daha bir filialı isə Azərbaycan Pedaqoji Universitetində yaradılıb və hər ikisi artıq üç ildir ki, aktiv şəkildə ziyarətçilərə xidmət göstərir.
İnteraktiv Elm Muzeyinə şagird və tələbələr kitabda oxuduqlarını real olaraq təcrübədə görə bilmək üçün gələ bilərlər. Elmin praktiki məkanı olan muzey adamı valeh edir.
Muzey və eksponatlar barədə ətraflı məlumatı Oxu.Az-ın əməkdaşı ilə bölüşən mühəndis Elçin Abbasov deyir ki, muzeyi iki övladı üçün yaradıb:
“Uşaqlar fizika dərsini öyrənməkdə çətinlik çəkirdilər. Onların nəzəri biliklərini təkmilləşdirmək üçün münbit şəraitə ehtiyac var idi. Bu səbəbdən də bir neçə eksponat hazırlayaraq onlara oxuduqlarının nə demək olduğunu, necə göründüyünü, hansı şəkildə fəaliyyət göstərdiyini izah etməyə çalışdım. Beləcə, artıq bu günədək 300-dən çox eksponat hazırlamışam”.
Muzeydə müxtəlif formatlı və fərqli illərə aid fotoaparatlar, elektron hesablama maşınları, sənaye inqilabı yaradan buxar mühərriklərindən tutmuş daxili yanma mühərrikinə kimi tarixi inkişafı, elektromaqnetizmdən Tesla makarasına (transformatoruna) gedən yol, maddənin spektral şüalanması, səs dalğaları, printerin iş prinsipi, aerodinamika qanunlarını əks etdirən cihazlar, dron, helikopter mühərrikləri və s. var.
Dünyada elm muzeyləri çox olsa da, onun real gücünü nümayiş etdirənlər barmaqla sayılacaq qədərdir. Bu gün sizi elmin nələrə qadir olduğunu şəxsən görə biləcəyi...
Muzeydə onun öz hazırladığı eksponatlarla yanaşı, səyahətləri zamanı əldə etdiyi təbii daşlar, muzeyə hədiyyə edilən bir çox əşyalar da sərgilənir. Bu məkanı sözlərlə təsvir etmək qeyri-mümkündür, hər bir oxucumuza bu sirli aləmə səyahət etməyi və digər eksponatlarla yaxından tanış olmağı tövsiyə edirik.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər