Bu gün səhər piyada zolağından skuter sürərək keçən və avtomobilin vurması nəticəsində həyatını itirən şəxslə bağlı hadisə yol hərəkəti qaydalarını yenidən gündəmə gətirib.
Oxu.Az xəbər verir ki, mövcud qanunvericilikdə piyada keçidindən velosiped sürərək keçilməsi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, moped və skuter kimi nəqliyyat vasitələrinin ayrıca qeyd olunmaması qaydaların dəqiqləşdirilməsi məsələsini aktuallaşdırır.
Məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, qanunvericiliyə müvafiq əlavələrin edilməsi məqsədəuyğundur.
:640.jpg)
Onun sözlərinə görə, velosiped, moped və skuter istifadəçiləri piyada keçidində nəqliyyat vasitəsindən enərək yolu piyada kimi keçməlidirlər. Ekspert bildirib ki, piyada keçidində üstünlük piyadaya məxsusdur və bu qaydaların bütün nəqliyyat vasitələri üzrə daha aydın şəkildə müəyyənləşdirilməsi vacibdir.
"Məsələ ondadır ki, velosiped də, moped də nəqliyyat vasitəsidir. Bunlar piyada keçidində sürülərək keçilə bilməz. Düzdür, qanunvericilikdə velosiped məsələsi yer alsa da, moped, motosiklet və skuter qeyd olunmayıb. Bu o demək deyil ki, vətəndaş motosiklet idarə edirsə, onu sürərək piyada zolağından keçməlidir. Bu, artıq qanun pozuntusudur. Həmçinin velosipedçi də, moped sürən şəxs də, skuter adlandırdığımız elektrikli nəqliyyat vasitəsini sürən şəxslər də bilməlidir ki, piyada zolağından üstünlük piyadanındır və piyada zolağının üstündə yalnız həmin nəqliyyat vasitələrini enərək keçmək lazımdır. Düşünürəm ki, belə halların qarşısını almaq üçün qanunvericiliyə müəyyən əlavələr edilə bilər ki, bir daha belə ağır qəzalar olmasın və bilərəkdən qayda pozmaq istəyənlər qanunvericiliyin tələblərinə əsasən bu işlərdən çəkinsinlər. Düşünürəm ki, bu bəndi əlavə etməklə həm yollarda təhlükəsizliyi artıra bilərik, həm də gənclərin yollarda həlak olmasının qarşısını ala bilərik", - deyə E. Cəfərov bildirib.