Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Elşad Miri Space TV-dəki qalmaqaldan danışdı: Hamısı şeytan əməlidir – MÜSAHİBƏ + VİDEO
Space TV-nin efirində yayımlanan “Günaydın” verilişinin növbəti buraxılışlarından birində kəskin mübahisə yarandığını xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, münaqişə verilişə dəvət alan ilahiyyatçı Elşad Miri, falçı Yeganə və ekstrasens olduğunu iddia edən Aqilin arasında baş verib.
Bununla bağlı Oxu.Az-ın əməkdaşı Elşad Miri ilə əlaqə saxlayıb:
- O verilişdə müəyyən yerlər kəsilib. Məsələn, efirə ilanla çıxan ektrasens ilanın ağzını bağlamışdı, ilan ancaq dilini çıxara bilirdi. Bu, məsələnin bir tərəfidir. İkincisi isə mən onların hər üçünə qarşı çıxış etdim və söylədim ki, əgər gücünüz çatırsa, üçünüz də birləşib efirdə, tamaşaçıların gözü qarşısında mənə nəsə edin. Bunu edə bilməyən insanlar bundan sonra nə edə bilərlər? Peyğəmbərimiz özü Allah ona bildirmədən heç bir şey haqqında məlumat verə bilməyibsə, bunlar nə çarədirlər ki, insanlara nə iləsə bağlı məlumat verirlər. Sadəcə, onlar ən asan bizneslə məşğuldurlar. Heç bir sərmayə qoymadan, vergi ödəmədən külli miqdarda pul qazanırlar. Bunlar hamısı şeytan əməlidir. İnsanları aldadanların hər biri kimliyindən asılı olmayaraq şarlatan və fırıldaqçılardır.
- Bəs VI hiss, Bəsirət gözü...
- Bir misal çəkim. Atın gözünə döyüşdə at eynəyi deyilən eynək taxırlar. Ona görə ki, atların gözləri daha qabarıqdır, kənarları da görür. Savaş vaxtı onu bağlayırlar ki, düz görsün. Ona qalsa atlar bizdən daha çox görürlər, onda atlar insanlardan daha da fərasətlidirlər?
VI hiss yaxud insanın ürəyinə nə isə gəlirsə, bunlar hamısı psixoloji amillərlə bağlı olan şeylərdir. Bu insanın nəsə görmə, bilmə qabilliyəti olması demək deyil.
- Nostradamus, Vanqa haqqında nə düşünürsünüz? Onlar da yalandır?
- Nostradamus qərb dünyasının peyğəmbərə alternativ çıxardığı insandır. Bir hadisə olandan sonra deyirlər ki, Nostradamus bunu başqa formada deyib, sən demə oradan çıxan nəticə bu imiş. Bu, insanları aldatmağın başqa bir formasıdır.
Vanqanın yanına guya xaricdən adamlar gəlirdi. Vanqa özü dövlətdən maaş alırdı. Əlil, şikəst adamlara dünyanın hər yerində yaşayan insanların yazığı gəlir. Onu bu cür məşhurlaşdırdılar. Təsəvvür edin ki, SSRİ kimi ateist hakimiyyət Vanqanı insanlara bu cür təqdim edərək xüsusi xidmət üçün ondan çox şəkildə istifadə etdi. Bunlar hamısı kütlə psixologiyasına təsir edib, insanları əldə saxlamaq üçün istifadə olunan hallardır.
- Şou-biznes nümayəndələri arasında “dini dəb” geniş vüsət alıb. Gah namaz qılırlar, gah hicaba keçirlər. Sonra da hər ikisindən imtina edirlər. Buna münasibətiniz...
- Peyğəmbərimizin dövründə bu cür hərəkət edənlər kafirlərdən daha qorxulu insan obrazı yaradan insanlar sayılırdılar. Qurani-Kərimin “Loğman” surəsində Allahı aldadanlar haqqında yazı var. Bu gün dindən danışan bir çoxları mənfəət güdmək, reytinq toplamaq, gündəmdə qalmaq üçün bundan istifadə edirsə, bunlar “Allahı aldadanlar” qrupuna aid olan insanlardır. Hər hansı din xadimi Allahın adından istifadə edərək yas məclisi qurub, ölüyə quran oxuyub pul qazanırsa o da “Allahı aldadanlar”dandır. “Yasin” surəsinin 70-ci ayəsində ölüyə quran oxumağın vacib olmadığı bildirilir.
- “İslamda hacı anlayışı yoxdur” demisiniz. Onda həccə gedib-gələnlərin özünə hacı deməsi göstəriş üçündür...
- İslam dinində Həcc ziyarəti gücü çatan insanların getməsi üçündür. Peyğəmbərimizin özü həmin ərazilərdə yaşamasına baxmayaraq ömründə bircə dəfə həccə gedib. İndiyədək Hacı Məhəmməd Peyğəmbər, Hacı İmam Əli, Hacıxanım Fatimə və s. eşitmisiniz?
Bu anlayışlar bir zaman olmadığı halda biz bunu kimin adından ortaya çıxarırıq? Həcc ziyarəti var, bunu heç kim inkar edə bilməz. Mən özüm də orada ziyarətdə olmuşam, amma heç bir zaman özümə hacı dedizdirmərəm.
Sadəcə olaraq belə bir müqayisə edim. Hərbi xidmətdə olan insana əsgər filankəsov filankəs deyə müraciət olunur. Hərbi xidməti bitirən filankəs filankəsov yolda zabitlə təsadüfən görüşür. Zabit ona əsgər filankəsov deyə müraciət etmir ki?! O, hərbi xidmət ərəfəsində verilən addır. Hərbi xidmət bitdikdən sonra bu vətəndaş öz adı ilə, işləri ilə məşğul olur. Hacı həcc ərəfəsində ziyarətdə olan insanlara deyilən addır. Həcc bitdikdən sonra özünə hacı hacıxanım dedizdirmək dinimizdə yoxdur. Onlar özlərinə hacı, hacıxanım dedizdirməklə özlərini süddən çıxmış ağ qaşıq kimi göstərməyə çalşırlar. Əvvəlcədən adların qarşısında heç bir titul olmadığına görə onu bir titul kimi yazdırırlar. Namaz qılan insana namaz qılan filankəs deyirlərmi? Oruc tutan Rəhimə Oruc Rəhim deyirlərmi? Yox. Bunlar hamısı özlərinin göstərişi üçün atılan addımdır, bunun dinimizlə heç bir əlaqəsi yoxdur.

Aytən Sadıqzadə
www.oxu.az