“Hacı pivəsi” ilə bağlı mövzu bir neçə gündür mətbuatın gündəmindədir. Əsas müzakirə mövzusu bu sual ətrafındadır: adına “Hacı pivəsi” deyilən alkoqolsuz pivə haramdır, yoxsa halal; dindar adamlar onu içə bilərmi?
Oxu.Az xəbər verir ki, din üzrə ekspert Elşad Miri bu haqda Aktual.az-a açıqlama verib. O qeyd edib ki, pivənin “Hacı pivəsi” adı altında satışa çıxarılması düzgün deyil:
“Pivənin “Haci pivəsi” adlandırılması insanlarda pivəyə qarşı həvəs yaratmaq məqsədi güdür. Keçmişdə də şampan şüşəsində limonadlar satılırdı. Bu kimi hallar eyni məqsədi daşıyır. Tərkibində spirt yoxdursa, haram sayılmır. Ancaq istifadə olunmamağı daha yaxşıdır. Çünki kimsə bunu alıb evə aparır və evindəki körpə uşaq bilir ki, onun tərkibində alkoqol 0 faizdir. Uşaqlarda da buna istək yaranır”.
E.Miri deyir ki, özü heç vaxt bundan istifadə etməyib:
“Həcc ziyarətində olduğum zaman məşhur pivə brendlərinin alkoqolsuz satıldığının şahidi olmuşam. Ancaq heç vaxt özüm istifadə etməmişəm. Müsəlman olaraq, bunun insanları mənfi istiqamətə aparacağını nəzərə alıb, onları bundan çəkindirmək lazımdır”.