Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əri tərəfindən döyüldüyünü deyən Anastasiya gözünü aldığı xəsarətdən yox, xroniki xəstəlikdən itirib - RƏSMİ
Vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarətə götürülməklə, onu narahat edən halların aradan qaldırılması üçün aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə tədbirlər görülür.
2022-ci il dekabrında Yalçın Bektimirovun A.Bektimirovaya sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin qançırları xəsarətləri yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla Y.Bektimirovun A.Bektimirovanı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməsi müəyyən edildiyindən cinayət əməli Cinayət Məcəlləsinin əzab vermə, işgəncə verməklə törədildikdə maddəsinə tövsif edilib və 2023-cü ilin avqustunda Y. Bektimirov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə dəfələrlə təyin edilən təkrar və komisyon məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilib ki, A.Bektimirovada sol gözün sklerasının rupturasına (cırılmasına), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına - amputasiyasına və protezləşməsinə səbəb, onun 2022-ci ilin dekabrında aldığı xəsarət deyil, travmadan əvvəl düçar olduğu xroniki uveitin fəsadı olaraq terminal qlaukoma xəstəliyidir.
2023-cü ilin oktyabrında cinayət işi ibtidai istintaqı tamamlanaraq məhkəməyə göndərilib və məhkəmənin 14 mart 2024-cü il tarixli hökmü ilə Y.Bektimirov Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
20:56
Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb.
“Qafqazinfo” xəbər verir ki, A.Bektimirova keçmiş həyat yoldaşı Yalçın Bektimirovun törətdiyi əmələ görə həbs edildiyini, bir müddət sonra azadlığa çıxacağını bildirib. O qeyd edib ki, münaqişəli vəziyyətdə olduğu keçmiş əri azadlığa çıxandan sonra birgə yaşadıqları mənzilə qayıdaraq həmin evdə yaşaya bilər.
O, yaranmış vəziyyətin özü və övladı üçün təhlükəli olduğunu bildirərək kömək istəyib. Hadisə günü haqda danışan Anastasiya bildirib ki, həyat yoldaşının növbəti işgəncəsindən sonra gözündən zədə alıb və xəstəxanaya çatdırılıb: “Məni təcili əməliyyat etdilər, 5 gün orada qaldım. Bundan sonra yenidən 2 dəfə əməliyyata girdim və gözüm çıxarılaraq yerinə protez taxıldı.
Fotoda: Yalçın Bektimirov
Mən əlil oldum, hazırda yenə əməliyyat olunmalıyam və buna pul lazımdır. İndiyə qədər təqsirləndirilən şəxs səhhətimlə bağlı heç bir köməklik göstərməyib. Ailəmizin maşını isə onun qardaşı Elçinə verilib”.
A.Bektimirova özünü və uşaqlaırnı təhlükədə hiss etdiyini, çox qorxduğunu əlavə edib.
Qadın videonun sonunda taxılmış göz protezini çıxararaq hazırki vəziyyətini nümayiş etdirib.
Qeyd edək ki, məhkəmə materiallarından həmin mənzilin Y.Bektimirova ilə A.Bektimirovanın birgə mülkiyyətində olması məlum olub. İşlə bağlı apellyasiya məhkəməsi 25 apreldə keçiriləcək.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Həmin vaxt ona 2 il həbs cəzası təyin edilib. Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini bildirib.
Anastasiya Bektimirovanın gözünü itirməzdən əvvəlki və sonrakı fotolarını təqdim edirik:
Rəylər