İyulun 14-də müəllimlərin işə qəbulu müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı keçirilib.
Bu barədə Oxu.Az-a Elm və Təhsil Nazirliyindən bildirilib ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb.
Nəticədə isə 29-cu tapşırıqda bəhs edilən əsərin adının çərçivə sənədinə daxil olan əsərlər siyahısında yer almadığı aşkar olunub. Bu səbəbdən 29-cu tapşırıq etibarsız sayılıb.
“Nəzərinizə çatdırırıq ki, həmin test tapşırığı 1 280 nəfərə düzgün, 3 842 nəfərə səhv olaraq hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın bütün namizədlərə düzgün olaraq hesablanması ilə 1 280 nəfərin nəticəsi sabit qalacaq, 3 842 namizədə 2,5 bal (səhv cavaba görə 0,5 bal bərpa), 959 namizədə isə 2 bal artırılacaq”.