Qərb heç zaman hər hansı məsələyə ədalətli yanaşmayıb. İkili standartlar Qərbin siyasətinin qayəsini təşkil edir və onlardan Qarabağ məsələsində ədalətli yanaşma gözləməyə dəyməz.
Oxu.Az xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.
Onun sözlərinə görə, ABŞ və Avropa işğalçı ilə zərərçəkənə bərabər münasibət göstərməyə çalışır:
“Bu nə beynəlxalq hüquq normaları ilə, nə də diplomatik qaydalarla bir araya sığır. Amma buna baxan yoxdur. Qərb üçün demokratiya, qanunun aliliyi yalnız öz maraqları çərçivəsində məhdudlaşır. Onlar hansı ölkəni ki, ram edə bildilər, həmin ölkəni qoruyurlar, ram edə bilmədikləri ölkələrə isə laqeyd münasibət göstərirlər. Bu mənada təəccüblənməyə də dəyməz. Azərbaycan özü öz torpaqlarını işğaldan azad etməlidir. Ortaya güc qoymalı, hərbi hücumlara start verməli, nəhayət öz torpaqlarını işğaldan azad etməlidir. Bizim öz iqtisadiyyatımız, ordumuz var. Bu ordu ilə erməniləri məğlub etmək çətin deyil. Bizə nə kiminsə köməyi lazımdır, nə də qınağı. İşğal altındakı torpaqlarımızı azad etsək, Qərb də bununla barışacaq, Rusiya da. Çünki başqa yolları yoxdur”.