Beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə imtahansız qəbulu üçün şərtlər açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
Şöbə müdiri bildirib ki, “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na əsasən, yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdiriləcək.
“Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti iki tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti beş tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var”, - deyə Emin Əmrullayev qeyd edib.
İlhamə Əbülfət
Rəylər