Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
FHN “Bakı KOB evi”ndə fəaliyyətə başlayıb - FOTO
“Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sahibkarlara müvafiq xidmətlər göstərilməyə başlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyun 2018-ci il tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq, “Bakı KOB evi”ndə Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 xidmət təşkil edilib.
Bunlardan üçü FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən, digər üçü isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təmin edilməkdədir.
FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Ramin Paşayev bildirib ki, sahibkarlar agentlik vasitəsilə ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, inşasına, istismarına və istismardan çıxarılmasına icazə verilməsi xidmətləri üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Eyni zamanda, o qeyd edib ki, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlıqların, radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi xidmətlərindən istifadə etmək mümkün olacaq.
FHN-in Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov bildirib ki, “Bakı KOB evi”ndə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və agentlik vasitəsilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların, (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə icazənin və təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında çıxarışın verilməsi xidmətlərindən də yararlana bilərlər.
FHN-in xidmətlərinin tədricən regionlarda fəaliyyət göstərən digər KOB evlərində də həyata keçirilməsi planlaşdırılır.
Növbəti mərhələdə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur. Qeyd edək ki, sözügedən xidmətlərin “Bakı KOB evi” vasitəsilə həyata keçirilməsi sənədləşmə işlərində şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun artırılmasını təmin edəcəkdir.
PhotoStock.az-ın həmin tədbirdən fotolarını təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az
İlhamə Əbülfət