Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Rəylər