Avqustun 1-dən 7-nə qədər, Ramazan ayının son həftəsini əhatə edən “Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası dünən başa çatıb.
Oxu.Az xəbər verir ki, həftə ərzində, hər gün şəhərin 10 nöqtəsində holdinqin 9 şirkətinin iştirakı ilə keçirilən iftar aksiyası ümumilikdə ətrafına 15000-dən çox insan topladı. Aksiyanın 6-cı və 7-ci günlərində işıqforlarda su və xurma paylanması ilə yanaşı müvafiq olaraq Nizami metrosu yaxınlığında və Elmlər Akademiyası binasının qarşısında qurulan çadırlarda holdinq əməkdaşları hər kəsi iftarı vaxtında açmağa dəvət etdi.
Artıq neçənci ildir ki, davamlı olaraq hər Ramazanda keçirilən aksiya Garant Holding-in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb və bu il daha da genişlənib.
Ötən illərdən fərqli olaraq bu il müəyyən günlərdə şəhərin bir neçə nöqtəsində səyyar çadırlar qurulub. Aksiyanın bu mərhələsinin təşkilində çadırın qurulduğu ərazinin aid olduğu müvafiq icra hakimiyyəti orqanları öz dəstəyini əsirgəməyib. Aksiya ərzində dörd dəfə - 28 May, Elmlər Akademiyası, Nizami metrostansiyalarının və Elmlər Akademiyasının binası qarşısında səyyar çadırlar qurulub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, icra başçısının müavini Şahin Məmmədov və icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov aksiyanın keçirilməsində yaxından iştirak edib.