Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gəncədə bıçaqlanan şəxslərin son durumu açıqlandı
Gəncə şəhərində baş verən bıçaqlanma hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 28-i, saat 18:40-da iki nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Döş qəfəsinin sağ tərəfinin daxilə keçən hissəsinin kəsilmiş-deşilmiş yarası, divar aralığının yaralanması diaqnozu təyin edilən 1995-ci il təvəllüdlü şəxsin (kişi cinsli), reanimasiya tədbirlərinə baxmayaraq, 19:00-da ölüm faktı qeydə alınıb.
Belin açıq yarası diaqnozu təyin edilən 1994-cü il təvəllüdlü şəxsə (kişi cinsli) ilkin tibbi yardım göstərilib. Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunan şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
Ötən gecə Gəncə şəhərində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində, üç nəfər arasında şəxsi münasibətlər zəminində yaranan gərgin qarşıdurma nəticəsində baş verib.
Əldə etdiyimiz məlumata görə, 1995-ci il təvəllüdlü Eyyub Talıbov 1994-ci il təvəllüdlü Osman Nağıyevi, 1996-cı il təvəllüdlü Alim Quliyev isə Eyyub Talıbovu bıçaqlayıb. Qarşıdurma nəticəsində Eyyub Talıbov aldığı xəsarətlərdən həyatını itirib, Osman Nağıyev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunublar və cinayətdə şübhəli bilinən Alim Quliyev saxlanılıb.
Əzizə İsmayılova