Hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-dən Gəncədə xəstəxanada baş verən yanğınla bağlı açıqlamada qeyd olunub.
Bildirilib ki, eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
10:44
Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb.
Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub.
Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
10:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
10:13
Gəncə şəhərində xəstəxanada yanğın olub.
Oxu.Az-ın məlumatına görə, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.
Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.
Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Samir İsayev