Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev abadlıq-quruculuq işlərinə dair həyata keçirilən layihələr çərçivəsində burada baş verən məlum hadisələrə aydınlıq gətirib, qəsəbədə görüləcək işlər barədə geniş məlumat verib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, yalnız Kəlbəcər köçkünlərinin deyil, respublikamızın müxtəlif bölgələrindən gəlmiş insanların məskunlaşdığı, 516 hektar sahəni əhatə edən ərazidə hər bir ailənin, hər bir vətəndaşın rahat və firavan yaşaması üçün böyük abadlıq, quruculuq işlərinə başlanıb.
Burada ilkin olaraq, kanalizasiya, işıq-qaz, su problemləri, küçə və yolların qaydaya salınması, asfaltlanması işləri həll olunacaq.
Tikilən yaşayış evləri sənədləşdiriləcək, küçələrə adlar veriləcək, vacib sosial obyektlər tikiləcək. O, qeyd edib ki, prezident İlham Əliyev əhalinin bütün təbəqələrinə, o cümlədən qaçqın və köçkünlərə xüsusi diqqət, qayğı göstərir, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Gəncədə 1500 nəfərlik qaçqın və köçkün qəsəbəsinin salınması, burada müasir tipli yaşayış binalarının istifadəyə verilməsi, həmin qəsəbədə mühüm sosial obyektlərin tikilməsi ölkə başçısının bu qayğısının bariz nümunəsidir. Bu yaxınlarda daha bir belə qəsəbə istifadəyə veriləcək.
Elmar Vəliyev tədbirdə iştirak edən bütün vətəndaşları dinləyib, onların müraciətlərini yerindəcə həll edib, müvafiq təşkilatlara göstəriş və tapşırıqlarını verib.
Vətəndaşlar onlara diqqət və qayğı göstərildiyinə, arzu və istəklərinə əməl olunduğuna görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev KİV nümayəndələrinin suallarını cavablandırıb.
E.Ə.
www.oxu.az