"Bu gün dünyada dinlərarası dialoq dedikdə ilk ağlagələn şəhər məhz Bakıdır. Ümumiyyətlə, dünyada baş verən proseslərə nəzər salsaq, Azərbaycanın, xüsusilə də Bakının dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzi hesab edildiyini görərik".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün dünyada iqtisadi məsələlərin müzakirəsi dedikdə ilk ağlımıza gələn şəhər Davos, forum isə Davos Forumudur:
"Hərbi əməkdaşlıq dedikdə isə ağlımıza Brüssel şəhəri və NATO-nun mənzil-qərargahı gəlir. Dinlərarası və mədəniyyətlərarası dialoq dedikdə isə bu gün dünyada ilk ağlagələn ölkə Azərbaycan, şəhər isə Bakı olur.
Bu baxımdan, əslində, təkcə regionumuzda deyil, bütün dünyada hər kəs anlayır ki, dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın razılığı, rəyi və mövqeyi olmadan hər hansı bir prosesi başa çatdırmaq mümkün deyil".
Gündüz İsmayılov əlavə edib ki, dünyada reallıq ondan ibarətdir ki, onlarla, bəlkə də yüzlərlə inanc, məzhəb və təriqət mövcuddur:
"Lakin insanların yaşaya biləcəyi yalnız bir planet var - Yer kürəsi. Deməli, biz müxtəlif inanclara, məzhəblərə və qruplara mənsub olsaq da, eyni planetdə yaşamağa məhkumuq. Bunun üçün isə dialoq olduqca əhəmiyyətlidir.
Düzdür, təxminən 50-100 il əvvəl belə proqnozlar səsləndirilirdi ki, zaman keçdikcə dinlərin əhəmiyyəti azalacaq. Lakin reallıq tamamilə fərqlidir: dinlərin əhəmiyyəti nəinki azalıb, əksinə, qorunub saxlanılıb və daha da artıb.
Təəssüf ki, bəşəriyyət inkişaf etdikcə, insanların yaşadığı yeganə planetin Yer kürəsi olmasına baxmayaraq, dinlərarası fərqlər həddindən artıq qabardılır. Bəzən bu fərqlərin qabardılması münaqişələrə, etnik-dini və məzhəb zəminində qarşıdurmalara səbəb olur. Bu baxımdan, dünyada sülhün və əmin-amanlığın təmin edilməsi üçün dinlərarası dialoq olduqca mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə, xüsusilə də XXI əsrdə qarşılaşdığımız problemlərdən biri islamofobiya, ksenofobiya və antisemitizmdir. Bu problemlərin aradan qaldırılması üçün tarixi nümunələrə də ehtiyac var.
Azərbaycanın dinlərarası dialoq prosesində önə çıxması, onun fəal iştirakçısı və təşkilatçısı kimi çıxış etməsi üçün həm dövlət olaraq geosiyasi mövqeyimiz, siyasi-iqtisadi resurslarımız, həm də tarixi ənənələrimiz mühüm rol oynayır. Məhz bu amillər ölkəmizə həmin prosesdə aparıcı qüvvəyə çevrilmək imkanı verir.
Təsadüfi deyil ki, məzhəblərarası münasibətlər kontekstindən yanaşsaq, Azərbaycan bu gün İslam dünyasında nadir ölkələrdəndir ki, burada müxtəlif məzhəblərin nümayəndələri yalnız ayrı-ayrı məscidlərdə deyil, eyni məsciddə, eyni imamın arxasında ibadət edirlər. Biz bunu vəhdət namazı adlandırırıq. Bu gün Bakıda və ölkəmizin bölgələrində də vəhdət namazı qılınır. Bu, İslam dünyasında məzhəblərarası dialoq və münasibətlər baxımından ən gözəl nümunələrdən biridir.
Dinlərarası münasibətlərə nümunə olaraq isə qeyd edə bilərəm ki, Bakı şəhərində təxminən bir kilometr radiusunda Avropa yəhudilərinin sinaqoqunu, dağ yəhudilərinin sinaqoqunu, Mixail Arxangel kilsəsini və Təzəpir məscidini görmək mümkündür.
Səma dinlərinə aid ibadət ocaqlarının bu qədər yaxın məsafədə yerləşməsi və bir arada mövcud olması yeni nailiyyət deyil. Bu, Azərbaycan xalqının tarixi nailiyyətidir. Bu nailiyyətin qorunub saxlanılması isə bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biridir.
Həm siyasi və iqtisadi potensialımız, həm də tarixi, dini və mənəvi zənginliyimiz dinlərarası dialoq prosesində ölkəmizin aparıcı mövqeyini gücləndirir və qarşımızda yeni imkanlar açır".