Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Hamı əziyyət çəkir, amma heç kim səsini çıxarmır” - Mükafatları Gömrükdə saxlanılan biznesmenlə MÜSAHİBƏ
Ötən gün azərbaycanlı biznesmenə məxsus şirkətin beynəlxalq festivalda qazandığı mükafatların ölkəyə gətirilməsinə Dövlət Gömrük Komitəsi problem yaradıb.
Belə ki, “Endorphin” Reklam Agentliyinin təsisçisi Orxan Kərimov qazandıqları 10 mükafatı götürmək üçün Bakı Karqo Terminalına çağırılıb. Mərkəzdə ondan məhsulları bəyan etdirməsi və gömrük rüsumu üçün 115 manat tələb olunub. Şirkət rəhbəri bəyannaməni təsdiqlətmək üçün onu sözügedən yerdə saatlarla gözlətmələrindən şikayətlənib.
Oxu.Az mövzu ilə bağlı gənc iş adamı Orxan Kərimovla həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Orxan bəy, reklam fəaliyyəti ilə nə vaxtdan məşğul olursunuz?
- İstanbul Universiteti İletişim fakültəsi məzunu olmuşam. Bir müddət Türkiyədə “production” sahəsində çalışmışam, sonra isə reklam sahəsinə keçid etmişəm. 12 ildir bu işlə məşğulam, səkkiz il əvvəl isə öz şirkətimi təsis etmişəm. Azərbaycanın regional və beynəlxalq festivallarda ən çox mükafat qazanmış agentliyidir. 2018-ci ildən bəri “Cannes Lions” beynəlxalq yaradıcılıq festivalının Azərbaycandakı təmsilçisiyəm. Şirkətimiz bu il iki fərqli reklam festivalında - “Felis Azərbaycan” və Mərkəzi Asiya ölkələrinin qatıldığı “Red Jolbors”da ilin agentliyi seçildi. Bu, əslində, təkcə bizim üçün yox, bütövlükdə Azərbaycan reklam agentlikləri üçün çox böyük bir nailiyyətdir. Bu günə qədər olmayıb.
- Bu il 10 mükafat qazanmısınız. Onların əhəmiyyəti, xüsusiyyəti nədən ibarətdir? Yəni sizin üçün yalnız prestij baxımındanmı önəmlidir, yoxsa maliyyə baxımdan da üstünlükləri varmı?
- Dünyanın hər yerində reklam və marketinqlə bağlı müxtəlif festivallar olur. Bunların zirvəsi “Cannes” yaradıcılıq festivalıdır. Reklamçılığın “Oscar”ıdır. Biz onun “Young lions” qolunu hər il Azərbaycanda təşkil edirik. “Red jolbors”, “Felis Azərbaycan” sektor üçün önəmlidir. Ümumiyyətlə, bir sıra festivallar var ki, onlar reklamda yaradıcılıq və effektivliyin dəyərləndirilməsi baxımından təşkil olunan, agentlikləri mükafatlandıran yarışlardır. Bizim iştirak etdiklərimiz isə, adətən, layihələr olur. Ancaq sadəcə bir layihə deyil, bir neçə layihədə qazanılan nailiyyət sayəsində ilin agentliyin seçilmiş olursunuz.
Bəs bu, nəyə xidmət edir? Dediyiniz kimi, işin prestij və biznes tərəfi var. Bu gün biz regionda tanınırıq. Məni Özbəkistana, Gürcüstana spiker kimi dəvət edirlər. Məsələ də odur ki, siz nə qədər çox tanınırsınızsa, sizin işinizə o qədər çox tələb yaranır və bu, birbaşa biznesinizin inkişafına gətirib çıxarır, həmçinin talant cəlb edə bilirsiniz, insanlar sizinlə işləmək istəyir. Siz ən yaxşı agentlik olduqda şərtlər də daha yaxşı olmağa başlayır. Bəs ən yaxşı olmaq ən çox pul qazanmaq mənasına gəlirmi? Bu, bir az nisbi anlayışdır, çünki bir anla yox, illərlə ölçülür. Məsələn, bizim 2018-ci ildə əldə etdiyimiz nailiyyət bizə 2021-ci ildə öz təsirini göstərdi.
Orta Asiya ölkələrinin reytinqini çıxaran sistem var. Müxtəlif festivallardan aldığınız mükafatlarla indeksinizi çıxarır. Son üç ildə biz “ilk onluq”dayıq. Bir dəfə də “ilk üçlük”də olmuşuq. Bu, çox önəmlidir. Biz sektora, digər brendlərə motivasiya oluruq. Mən bu dəqiqə ən çox ona önəm verirəm ki, biz nəyisə dəyişdiririk.
- Gömrük problemindən belə anladıq ki, deyəsən, mükafatı sizə karqo ilə göndəriblər. Niyə yerində almağı seçmədiniz?
- Bəli. Doğrudur, adətən, siz ilin agentliyi seçiləndə, qızıl medal alanda onu həmin ölkədə səhnəyə çıxıb alırsınız, qeyd edirsiniz. Ancaq bu mükafat Rusiyada səfərbərlik vaxtına təsadüf elədi və biz bilet alıb gedə bilmədik. Çünki qalib olduğumuzu ancaq 2-3 gün əvvəl bildik. Həmin vaxt da bir biletin qiyməti beş min dollar idi, ona görə də Almatıya gedə bilmədik. “İlin agentliyi”nin seçildiyi festivalda ilin agentliyi yox idi (gülür). Buna məyus olduq, çünki onu qazanmaq çox çətindir. Azərbaycanda heç bir agentlik hansısa festivaldan qızıl medal qazanmayıb. Bu, asan məsələ deyil. Bizim qalibiyyətimiz isə sektorumuzda uğurdur. Ona görə də həmin on mükafat bizə karqo ilə göndərildi. Ancaq qarşı tərəf bunu bizə iki ay ərzində göndərəcəyini bildirmişdi və dəqiq hansı gün göndərəcəkləri barədə məlumat verilmir. Biz ancaq məhsul gəlib bura çatanda bilirik.
- Dövlət Gömrük Komitəsi ilə yaşadığınız gərginlik barədə də fikirlərinizi bilmək istərdik...
- İlk olaraq bildirim ki, reklam agentliyiyəm, biznesmenəm, heç kimlə konflikt yaşamaq istəməyən biriyəm. Çünki dövlət qurumlarıyla da işləyən bir şirkətik, hətta sabah, bəlkə, Dövlət Gömrük Komitəsi ilə də işləyəcəm. Amma bu, məsələni ört-basdır edəcəyim mənasını gəlmir. Əslində, mükafatın ən önəmli uğuru elə bu məsələnin açılmasıdır. Çünki orada yaşananlar tragikomediyadır. Bizə məlumat gəldi ki, karqo çatıb. Onunla bərabər bir də gördük ki, ofisimizə başqa bir kağız gəlib ki, bəs onu gedib özünüz Bakı Karqo Terminalından götürməlisiniz. Artıq nə baş verdiyini anladıq. Çünki altı il əvvəl də yolum oradan düşmüşdü, yenə getdim, gördüm ki, dəyişən heç nə olmayıb, eyni vəziyyət - süründürməçilik hökm sürür.
Məndən orada mükafatların qızıl və ya gümüş olub-olmadığını soruşdular. Mən də taxtadan olduğunu dedim, çünki, həqiqətən də taxtadandır. Yalnız adı qızıl-gümüşdür. Əslində, bütün kubokların maddi baxımdan heç bir dəyəri yoxdur. Atsan atılmaz, satsan satılmazdılar, sadəcə mənəvi dəyəri var. Ona vergi tətbiq edilməsinin səbəbi isə 10 ədəd gəlməsi ilə bağlı deyil, çünki başqa bir reklam agentliyi də bir bürünc mükafat alıb, onu da orada saxlayıblar.
- Əsas narazılığınız nədən ibarətdir?
- Məsələ odur ki, biz bu məhsulları bəyan etməli idik. Amma doğrudan da biz o məhsulun nə vaxt gələcəyini bilmirdik. Bəyannamə eləmək çox absurddur. Natiq Axundovun gətirdiyi arqument də bundan ibarət idi ki, Nazirlər Kabinetinin qanununu icra edirlər. Yaxşı, qanunla bəyannamə olmalıydı. Amma bu prosesi onlayn da icra etmək olardı. Orada üzləşdiyim proses çox məntiqsizdir.
Şirkət adına gələn bir məhsulu gömrükdə dərhal saxlayırlar. Hətta mən orada soruşdum ki, “Oscar” mükafatı da gəlsə, saxlayacaqsınız? “Bəli”, - dedilər. Özləri də prosesə gülürdülər, bəli, gülünc vəziyyətdə olduqarını qəbul edib gülürlər.
Fikrimcə, qanunda nələrsə dəyişməlidir, mexanizm sadələşdirilməlidir. Milli Məclis, Nazirlər Kabineti hara baxır? Belə mürəkkəb proses olmaz. Məndən 115 manat gömrük rüsumu istənildi və ödədim, 40 manat bəyannamə, 31 manat da məhsulun anbarda qalması üçün ödədim, ona etiraz etmirəm, saxlayıblar, ödədim, amma rüsum beş manat da olsa, doğru deyil.
- Siz bundan öncə də, yəqin ki, mükafatlar qazanmısınız. Həmin vaxt belə bir halla üzləşmisiniz?
- Xeyr. Bir şeyi qeyd edim ki, mükafatın Azərbaycanda qanun üzərindən bu qədər danışılması məni hər şeydən daha çox sevindirir. Çünki bəlkə, nələrsə dəyişər. Səmimi deyim ki, mükafatlar mənim vecimə də deyil. Hətta orada “verirəm sizə, aparın otağınıza qoyun”, - dedim. Orada mənə dedilər ki, fiziki şəxs olsaydınız, siz səkkiz mükafata vergi ödəyəcəkdiniz. Amma şirkət adına gəldiyi üçün hamısını ödəməlisiniz. Yəni bundan əvvəl belə bir hal yaşamamağımın səbəbi də yəqin ki, mükafatların şirkətin yox, mənim adıma göndərilməsi olub. Bu gün şirkət adına bir qələm də göndərsələr, saxlanılır. Olmaz belə. Bir məhsul üç parçadan ibarətdirsə, hər birinə ayrı-ayrı rüsum ödəyirsiniz. Belə şey olar? Hamı eyni şeydən əziyyət çəkir, amma heç kim səsini çıxarmır. Bu gün Natiq Axundov açıqlama verdi, nəsə dəyişdi və ya dəyişəcək? Mən isə istəyirəm dəyişsin. Proseslər onlayn həyata keçirilsin. Göndərsinlər, cəriməni ödəyim. Məni niyə ora qədər aparmalıdırlar?
Daha çox şəkil burada: Photostock.az
Sayad Həsənli
"Milli Məclis" teqi üzrə xəbərlər
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"
Rəylər