Kubra Məhərrəmova yazır
Bizim cəmiyyət üçün sevgi, eşq, məhəbbət tabudur, yasaqdır, qadağandır. Qəbul olunmur. Əgər kimsə sevgi üzərində ailə qurursa, o adama çox zaman gücsüz, iradəsiz kimi yanaşırlar. Amma ata-ananın dediyini yerə salmayan, əminəvəsi ilə ailə quranlar olur xeyirli övlad.
Elə dünən eşitdiyimiz xəbər də buna oxşar bir məsələdir. 15 yaşında yeniyetmə qız evdə doğuş edib, körpə ölüb, gənc ananın vəziyyəti ağırlaşdığı üçün şəhər xəstəxanalarının birinə gətirilib, xülasə o da həyatını itirib. Açığı detallarına getməyə həvəsim olmadı. Çünki nə qədər deyirik, yazırıq, fərq etmir.
14 yaşında qızlar ərə verilir, məktəbdən, təhsildən uzaqlaşdırılır, 15 yaşında evdə doğuş edir, cəmiyyətin böyük qismi də deyir ki, “hə, nə olsun, mənim nənəm də 14 yaşında ərə gedib”.
Anlayırsan ki, karlar ölkəsində rəqs etmək dəlilik kimi qəbul olunur. Ona görə də gənc fidanların məhv olmasına baxaraq ömür keçiririk.
Və əsas odur ki, namuslu ailə həyatı yaşayasan.
Kənarda nə edirsən et, amma evinə-ailənə dön.
Bu qayda ilə yaşayanlar da xeyli çoxdur. Məsələn, burada evlənir, təzə gəlini qoyur ata-ananın qulluğuna, özü də gedir uzaq diyarlara. Gün, ay, illər keçir, ya özü qayıdır ahıl çağında, ya da Xoşqədəm xanım tapıb qaytarır ev-eşiyinə. Qeyd edim ki, aparıcı xanımın xoşu gəlmir ona xanımsız müraciət edəndə, odur ki, redaktordan bərk-bərk xahiş edirəm, xanım sözünü xüsusi kursivlə qeyd etsin.
Nə isə, uzun sözün qısası Xoşqədəm xanım kişiləri qaytarır ailələrinə. Arvad da gözünün yaşını tökə-tökə efirdə deyir ki, “ay İsrafil, bəs cavanlığım getdi, indi gəlmisən”. Baxırsan ki, nə İsrafil bir gün gördü, nə də arvadı. İsrafil cəmiyyətin zorla ona sırıdığı ailə modelindən qaçdı, arvadı da ömrünü qayınana-qayınata qulluğunda, külfətin qayğısını çəkməklə keçirdi.
Belə ağlamalı vəziyyət. Amma əsas namuslu ailə həyatıdır, o da fakt var. Boşamadı ki, arvadını?
İndi kənarda ikinci ailəmi saxlayıb, ikinci arvadmı, sevgilimi, o daha müzakirə olunmur. Kişidir də, sevdiyi də olar, saxladığı da.
Dünən sosial şəbəkələri darmadağın edən bir video isə bizə başqa proseslərin də baş verdiyini anlatdı. Alim istəyirəm gəlsin, bu baş verənləri izah etsin.
Adamın üstündə Allah var, qəşəng bir xanım videoda deyir ki, “Özümə dost axtarıram. Ödənişli. Yanacaqdır, nəqliyyatdır, yeyib-içməkdir, hamısının pulunu verirəm. Axşam da kluba gedirik. Klubdan sonra da mənə vaxtını sərf edən kişinin qonorarını da ödəyəcəyəm. Ciddi olanlar müraciət etsin”.
Xaricdə buna eskort xidməti deyirlər. Bununla məşğul olan ciddi şirkətlər də var. Eskort xidmətini təqdim edən peşəkarlar ali təhsilli, xarici dil bilikləri olan, dünyanın bir çox ölkələrinə səyahət edən, dünyagörüşü yüksək olan xanım və bəylərdir.
Düzdür xeyli aşağı seqment də var. Amma yüksək səviyyəli kadrlar da mövcuddur. Yəni dünyada təcrübədən keçmiş bir biznesdir.
İndi kim nə edirsə, babalı öz boynuna. Onunla işimiz yox.
Fakt odur ki, namuslu ailə həyatı deyən cəmiyyətin altından hər cür hoqqa çıxır. Buna fokus da demək olar. Elə bil ki, papağın içi boşdur, amma içindən dovşan çıxır.
Hamı namus uğrunda yarışa çıxıb, amma “Instagram”da, “TikTok”da alver gedir.