44 yaşlı Eldar Məhərrəmov adlı vətəndaş 2 aydan çoxdur ki, küçələrdə yaşayır. 8 il öncə mənzil mübahisəsinə görə qohumunu bıçaqlayan Eldar, cəzasını artıqlaması ilə çəkib. Lakin iyun ayında həbsxanadan çıxan Eldarın cəmiyyətə adaptasiyası üçün heç kim kömək etməyib.
Oxu.Az xəbər verir ki, Eldarın Bizimyol.info-nun əməkdaşına bildirdiyinə görə, onun bacısından başqa heç kimi yoxdur. Bacısının həbsxanada olduğu vaxtda da yanına gəlmədiyini deyən Eldarın demək olar ki, heç nəyi yoxdur. Başını qoyduğu yastığı və üzərinə atdığı paltarları da mətbuat işçilərinin verdiyini deyən Eldar, kömək istəyir.
Uşaqlığını Nəcəf bəy Vəzirov küçəsində keçirən Eldar, həbsxanadan çıxandan sonra da elə həmin küçənin yaxınlığında yerləşən parkdakı beton örtüyün altında gecələyir. Onun bildirdiyinə görə, şəxsiyyət vəsiqəsi yoxdur və heç bir yerdə qeydiyyatda deyil. Şəxsiyyət vəsiqəsi olmadığına görə də, cəzasını çəkənlərə verilən 420 manatı ala bilmir. Heç bir yerdə qeydiyyatda olmadığı üçün Eldar şəxsiyyət vəsiqəsi də ala bilmir.
2 aydan çoxdur küçələrdə ölümlə mübarizə aparan Eldar, artıq haqsızlığa dayana bilmədiyini və ürəyinin partlayacağını deyir:
“Mən bomj deyiləm. Allah haqqı bomj deyiləm. Ürəyim partlayır. Əlim, ayağım var. Mən ev istəmirəm. Mənə şəxsiyyət vəsiqəsi vermirlər ki, gedim 420 manatımı alım. Pulumu ala bilsəm kirayə tutacam və iş də tapacam. Nə iş olsa görərəm. Amma məni incidirlər. Yemək almağa pulum yoxdur. Polislər məni hər gün burdan qovur. Dünən də paltarlarımı kimsə oğurlayıb. Mənə kömək edin, xahiş edirəm”.
“Bizimyol”un əməkdaşının çəkdiyi görüntüləri və videonu təqdim edirik: