“Abituriyent” jurnalının 12-ci sayında qeyd edilən məlumatlara əsasən, ötən il 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Sözügedən məktəbin direktoru Zəkay Şayev “Unikal”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Ötən il bizim cəmi 5 məzunumuz olub. Onlardan 3-ü ölkə daxilində, qalan 2-si isə Moskvada yerləşən ali təhsil müəssisələrinə qəbul olunublar”, - deyə o bildirib.
12:52
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 152 nömrəli tam orta məktəbdən bir abituriyentinin belə ali təhsil müəssisəsinə qəbul olunmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.
Belə ki, təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən “Xabad-Or-Avner” məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.
Məktəbdə digər fənlərlə yanaşı, “Yəhudi mədəniyyətinin əsasları”, “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.
Müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında açıqlanan statistikaya görə, 152 saylı tam orta məktəbin bir məzunu da, ali təhsil müəssisəsinə qəbul olunmayıb.
İlhamə Əbülfət
Rəylər