Ümumilikdə dünyada 150 milyona qədər uşaq əməyinin istismarından əziyyət çəkir.
Oxu.Az xəbər verir ki, bu barədə hüquqşünas Şamil Paşayev AzTV-nin efirində yayımlanan proqramda qonaq olarkən deyib.
O bildirib ki, uşaq əməyinin istismarı əsasən bir neçə istiqamətdə geniş yayılır:
“Uşaqların cinsi istismarını, eləcə də, kənd təsərrüfatı sahəsində, mədən sənayesində işlədiklərini müşahidə edirik. Bu 15 yaşından aşağı, eləcə də 16 yaşlı uşaqlara da şamil edilir. Azərbaycanda uşaqların kənd təsərrüfatı sahəsində, eləcə də, cinsi istismarı ilə bağlı məsələlər var, lakin kifayət qədər azdır. Bu baxımdan dünya təcrübəsi ilə müqayisədə biz öndəyik.
Bizdə daha çox uşaqların küçələrdə, işıqforların altında diləndirilməsinin şahidi oluruq. Uşaqların kiçik salfet satdıqlarını, ayaqqabı boyadıqlarını, avtovağzal ətraflarında tum satdıqlarını görürük. Bu daha çox mütəşəkkil şəkildə fəaliyyət göstərən şəxslərdir. Mən elə hesab edirəm ki, burada şəbəkələşmə var. Bu olmasa onlar özbaşına işıqforlarda, küçələrdə, metro stansiyaların çıxışlarında dayana bilməzlər. Onlar evə necə gedir, hansı ailələrdə olur? Bu problemin kökü ondadır ki, ölkədə sırf bu sahədə ixtisaslaşmış və fəaliyyət göstərən qurum yoxdur”.
Könül Cəfərli