“Fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub“ .
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, daha çox müraciət ümumi baxış üzrə qeydə alınıb:
“Müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb.
Müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) yer alır”.
Z.Əliyev bildirib ki, yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib - dəyəri yüksək olan əməliyyatlardan yararlanıb:
“Bahalı əməliyyatlar arasında koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir”.
Könül Cəfərli