Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcra başçısı necə olmalıdır? - SƏNƏD
Azərbaycanda qanun pozuntularına yol verən vəzifəli şəxslər cəzalandırılır. Bu cəzalandırma tədbirləri Neftçalaya da gəlib çatdı.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı deyilir.
DTX-nin yaydığı məlumatda onların səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etdiyi bildirilib.
Yayılan qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında Neftçalanın icra başçısı İsmayıl Vəliyev də var.
Fevralın 20-də Prezidentin imzaladığı sərəncamla İsmayıl Vəliyev vəzifəsindən azad edilib.
Ümumiyyətlə, Azərbaycanda bəzi icra başçılarının vəzifələrindən sui-istifadə etməsi haqqında mətbuat səhifələrində yazılar dərc olunur.
Əslində, icra başçıları nümunəvi olmaqla, qanun qarşısında öz vəzifələrini yerinə yetirməlidirlər.
Oxu.Az-ın məlumatına görə, Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra işlərini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
İcra başçılarının fəaliyyət dairəsi, vəzifələri “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə tənzimlənir.
İcra başçıları öz fəaliyyətini vətəndaşların hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmalıdırlar.
İcra başçıları müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirməlidirlər.
Əsasnamədə göstərilir ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır.
İcra başçısı müvafiq ərazidə vətəndaşların hüquqlarının, azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir.
İcra hakimiyyətinin başçıları rəhbərlik etdiyi regionda sosial-iqtisadi inkişafın monitorinqini və qiymətləndirilməsini həyata keçirməlidir.
Əsasnamədə yazılanları ümumiləşdirsək, deyə bilərik ki, icra başçıları ümumilikdə rəhbərlik etdiyi ərazi üzrə bütün parametrlər üzrə inkişafı təmin etməlidir.
Aqşin Kərimov
Rəylər