Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İdarə rəisi: "COP29 zamanı "Sədərək" gömrük postunda qonaqlara operativ xidmət göstəriləcək"
Son illər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində xeyli sayda islahatlar həyata keçirilib. Bu islahatlar bu gün də davam etdirilir. Məhz, reallaşdırılan bu islahatlar nəticəsində İdarə tərəfindən qeydə alınan idxal və ixrac əməliyyatlarının həcmi artıb, gömrük ödənişlərinin toplanmasında və dövlət büdcəsinə köçürülməsində böyük irəliləyişlər qeydə alınıb. Naxçıvan Baş Gömrük İdarəsi gələcəkdə görüləcək işlərlə bağlı hədəflərini də müəyyənləşdirib. Həmçinin, İdarə bu ilin noyabr ayında Azərbaycanda baş tutacaq COP29 ilə bağlı da hazırlıqlar görür.
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev "Report"a müsahibəsində görülən işlər və planları barəsində danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Vüqar müəllim, son bir il ərzində Naxçıvan Baş Gömrük İdarəsində, həmçinin bu ilin ilk 6 ayında hansı işlər görülüb?
- Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə və "Azərbaycan Gömrük Xidmətinin Fəaliyyət Proqramı"na uyğun şəkildə qurub. Belə ki, güclü və güvənli hüquq-mühafizə tədbirlərinin görülməsi, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə daxilolmalarında gömrük ödənişlərinin dayanıqlığının təmin edilməsi, o cümlədən idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, ticarətin asanlaşdırılması, xarici ticarətin və gömrük sərhədindən mal dövriyyəsinin, o cümlədən tranzit yük daşımalarının artırılması, çevik idarəetmə sisteminin tətbiqi, sahibkarlığın inkişafı və şəffaf biznes mühitinin formalaşması istiqamətində görülən tədbirlər öz müsbət nəticəsini verib.
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən qeydə alınan idxal əməliyyatlarının həcmi 60 milyon 890 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 5 milyon 12 min ABŞ dolları dəyərində olub.
Baş İdarə tərəfindən cari ilin ilk 6 ayı ərzində arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 52 milyon 626 min manat məbləğində gömrük ödənişləri toplanılıb. Toplanılmış gömrük ödənişləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 864 min manat və ya 3,7% çox olub.
Belə ki, toplanılmış gömrük ödənişlərinin 15 milyon 243 min manatını və ya 29 %-zini ƏDV, 19 milyon 920 min manatını və ya 38 %-ini gömrük rüsumları, 5 milyon 362 min manatını və ya 10 %-ini aksiz vergisi, 12 milyon 101 min manatını və ya 23 %-ini isə yol vergisi təşkil edib.
-Bu müddət ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən nə qədər hüquqpozma faktları aşkar edilib?
- Gömrük orqanları fiskal siyasətlə yanaşı, eyni zamanda hüquq mühafizə fəaliyyətini də həyata keçirir. 2024-cü ilin birinci yarımili ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən gömrük işi sahəsində cinayət xarakterli hüquqpozma hallarına yol verdiklərinə görə 21 fakt üzrə 21 şəxs barəsində cinayət işləri başlanaraq istintaq aparılıb. Həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslərin 15-i xarici ölkələrin vətəndaşları olub.
Gömrük işinin digər sahələrində olduğu kimi narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı da mübarizə aparılır.
Bu ilin 6 ayı ərzində müxtəlif növ narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığının qarşısı alınıb. Bu il 21 kq 505,845 qram narkotik vasitə-heroin dövriyyədən çıxarılıb.
- İdarənin strukturunda hansı dəyişikliklər edilib və daha hansı gözləntiləriniz var?
- Naxçıvan Baş Gömrük İdarəsi yeni struktur tərkibdə fəaliyyət göstərməyə başlayıb. Keçirilən optimallaşdırma tədbirlərinin davamı olaraq bütün gömrük əməliyyatlarının həyata keçirilməsi Naxçıvan şəhərində yerləşən vahid mərkəzdə - Rəsmiləşdirmə Mərkəzində toplanıb. Rəsmiləşdirmə Mərkəzində mal və nəqliyyat vasitələrinin eyniləşdirilməsi üçün fəaliyyət göstərən Naxçıvan Karqo Teminalı gömrük postu, gömrük anbarları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) kodlarının müəyyənləşdirilməsi və bir çox mallar üzrə ekspertiza rəylərinin alınması üzrə fəaliyyət göstərən Gömrük Laboratoriyası, vətəndaşların gömrük ödənişlərini rahat ödəməsi üçün müxtəlif terminallar və bank xidməti mövcuddur. Bütün bunların vahid məkanda olması həm vətəndaşlara, həm də biznes subyektlərinə bərabər səviyyədə tam açıq və əlçatan xidmətin göstərilməsinə xidmət edir, həmçinin vətəndaşlar və biznes subyektləri üçün istifadəçiyönümlü, rahat və vaxt itkisinə səbəb olmayan həll və alətlərin tətbiqinə geniş imkan yaradır.
Ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti ona həvalə edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrasına nail olmaq məqsədilə öz fəaliyyətini "Gömrük İNKİŞAF modeli"nə uyğun olaraq davam etdirir. Məhz bu modelə uyğun olaraq, Komitə tərəfindən vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilib. Yeni layihələrin tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçirilməkdədir.
Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında Dövlət Gömrük Komitəsi üzrə müəyyən olunan məsələlərin icrası ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsi üzrə işlər davam etdirilir.
- Bu ilin noyabr ayında Azərbaycanda baş tutacaq COP29 çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsində hansı işlər aparılır?
- Noyabr ayında ölkəmiz mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu tədbirlə bağlı "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2024-cü il 13 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Komitə sədrinin Sərəncamı ilə "COP29-Gömrük Komissiyası" yaradılıb, həmçinin Tədbirlər Planı təsdiq olunub.
Mən də Baş İdarə rəisi kimi komissiyanın üzvü olaraq bu Tədbirlər Planında qeyd olunan - etibarlı və sadə qaydada gömrük nəzarətini formalaşdıran tədbirlərin təşkil edilməsi, gömrük sərhəd-buraxılış məntəqələrinə daxil olan malların operativ qaydada müvəqqəti yaradılan gömrük postuna yönləndirilməsi işinin təmin edilməsi, aidiyyəti gömrük sərhəd-buraxılış məntəqələrində əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi işinin təşkil edilməsi, aidiyyəti gömrük sərhəd-buraxılış məntəqələrində elektron tablolarda xarici dillərdə gömrük qaydalarına dair məlumatların yerləşdirilməsi bağlı hazırlıqlarımız davam etdirilir.
Tədbirlə bağlı "Sədərək" gömrük postundan keçməklə ölkəmizə səfər edəcək qonaqların qarşılanması və operativ xidmət göstərilməsi üçün tədbir müddəti könüllülərin aidiyyəti işlərə cəlb edilməsi, gömrük sərhəd-buraxılış məntəqələrində gömrük mühafizə tədbirlərinin gücləndirilməsi və s. kimi məsələlər diqqətdə saxlanılmaqla işlər görülür.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
- Oruc Zalovun polkovnik oğlu vəzifəsindən AZAD EDİLDİ
- Süni gellərin ölkəyə gətirilməsinə icazə var? - Ağır fəsadları açıqlandı
- Azərbaycanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə dəyişib
- İlham Əliyev DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında imzalanmış qrant müqaviləsini təsdiq etdi