“Azərbaycanda 2023-cü ilin 6 ayı ərzində açıq məkanda ölkə üzrə 3 914 reklamın yayımı dayandırılıb”.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Agentliyinin mətbuat katibi Hüseyn Azərinin sözlərinə görə, sökülən reklamların 472-si dövlət dili normalarının pozulması ilə bağlı olub:
“Açıq məkan reklamlarında dil normalarının pozulması hallarına daha çox Bakı şəhərində rast gəlinib. Azərbaycan dilinin təhrif olunması ilə bağlı paytaxtda yayımı dayandırılan reklamların sayı cari ilin ikinci rübündə birinci rüblə müqayisədə 11% çox olub. Bu ilin 6 ayı ərzində ADRA tərəfindən açıq məkan reklamlarındakı qanunauyğunsuzluqları aradan qaldırmaları üçün sahibkarlara 5294 xəbərdarlıq, icrası məcburi göstəriş və bildiriş təqdim olunub”.
Sahibkarların küçədə reklam yerləşdirməyə marağının olub-olmadığı haqqında suala gəlincə, mətbuat katibinin sözlərinə görə, hər bir sahibkar biznesinin geniş auditoriyaya təqdimatında maraqlıdır. Reklama ehtiyac hər zaman aktualdır. Açıq məkan reklamlarının sayında müşahidə edilən artım bunu deməyə əsas verir.
2023-cü ilin birinci yarısında açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya 25 831 müraciət daxil olub, ümumilikdə 103 387 reklamın açıq havada yayımına icazə verilib. Yerlərdə sahibkarlarla görüşlər keçirilərək onların sualları cavablandırılıb. Maarifləndirmə işlərinin nəticəsi olaraq 6 ay ərzində demontaj olunan reklamların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb”.
Bakının bəzi yerlərində böyük reklam lövhələri quraşdırılsa da fəaliyyətsizdir. Həmin lövhələrin aqibəti ilə bağlı da danışan Hüseyn Azərinin sözlərinə görə, açıq məkandakı reklam qurğuları ayrı-ayrı sahibkarlara (reklam operatorlarına) məxsusdur:
“Agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. Amma qurğular ayrı-ayrı sahibkarlara məxsus olduğundan orada yayımlanan reklamların ardıcıllığını da sahibkarlar özləri müəyyənləşdirirlər. ADRA yalnız reklam qurğusu qanunvericiliyin tələblərinə, texniki tələblərə cavab vermədikdə, şəhərin estetik görünüşünü pozduqda onun yenisi ilə əvəzlənməsi və ya sökülməsi barədə sahibkara xəbərdarlıq edir və bununla bağlı müvafiq addımlar atılır.
Vətəndaşlardan xahiş olunur ki, açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən reklamlara rast gəldikdə, onların şəklini çəkib #ADRAgovaz həştəqi ilə paylaşsınlar və ya agentliyin “1412” Çağrı Mərkəzinə məlumat versinlər”.
Aysel Aslan
Rəylər