Bakının Parlament prospekti ilə Badamdar şosesinin kəsişməsindəki yola baxış keçirilib.
Bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli verib.
"Ərazidə yaranmış problemin səbəbi müəyyənləşdiriləcək və aradan qaldırılması üçün müvafiq addımlar atılacaq", - deyə A.Nəcəfli bildirib.
Bakının nəqliyyatın hərəkətinin intensiv olduğu küçədə çökmə baş verib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Qeyd olunub ki, Parlament prospekti ilə Badamdar şosesinin kəsişməsində yolda çökmə var.
"Bu hissədə xeyli vaxtdır ki, yol çöküb. Xüsusən də günün qaranlıq vaxtı qəza riski yaranır", - deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.