Bərdə rayonunda özünü su kanalına ataraq intihar edən xanəndə Novruz Hüseynovun qardaşı saxlanılıb.
Bu barədə Oxu.Az-a Novruz Hüseynovun qardaşı Azər Hüseynov məlumat verib.
Onun sözlərinə görə, artıq üç gündür ki, Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində meyiti tapılan xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu həbs edilib:
“Səbəb kimi cinayəti bilib gizlətməsi göstərilir. Hazırda Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 307.3-cü maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılır. Qardaşım valideynlərimin yanında yaşayır. Cinayəti gizlətməsi əsas göstərilir. Amma onun hadisədən xəbəri olmayıb”.
Azər Hüseynov qeyd edib ki, məhkəmənin qərarı ilə qardaşı barədə üç ay həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.
İlhamə Əbülfət
www.oxu.az