Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İtkin düşən qadının anası: “Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib” - YENİLƏNİB + FOTO
Martın 23-də itkin düşən Cəlilabad rayonu, Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Report” onun anası Gülnisə Kərimova ilə həmsöhbət olub.
G.Kərimova bildirib ki, qızı 10 ilə yaxındır ki, Türkiyə vətəndaşı Fərid Çalqıçı adlı şəxslə ailə qurub. Müəyyən vaxtdan sonra onların ailədaxili münaqişələri yaranıb. Ananın iddialarına görə, Türkiyədə yaşadıqları vaxt qızı və nəvələri Fərid tərəfindən dilənçiliyə məcbur edilib.
Onun sözlərinə görə, Ş.Kərimova Azərbaycana qayıdandan sonra ərini tərk edərək anasının evində yaşamağa başlayıb. Tərəflər arasında münaqişə bundan sonra daha da kəskinləşib. Sonradan Fərid oğurluq etdiyinə görə üç illik həbsə düşüb:
“Ərinin Türkiyədəki qohumları qızımı dəfələrlə ölümlə hədələyiblər. Novruz bayramı qabağı yenicə həbsdən çıxan Fərid Çalqıçı qızıma qarşı təzyiqləri davam etdirib və onu hədələyib. Qızım övladlarının həyat yoldaşı tərəfindən oğurlanacağından ehtiyat edirdi. Martın 23-də o, axşam saatlarında yaşadığı ünvanı qorxusundan tərk edib”.
Qeyd edək ki, bu gün polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəfəq Kərimova üç azyaşlı övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
11:42
Cəlilabadda 3 uşağı ilə birgə itkin düşən qadın tapılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qadın və uşaqları Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.
Rəylər