“Heyvana qarşı bu hərəkətləri edən ermənidən də betərdir. Ona heyvan da demək olmaz. Mütləq tapılıb cəzalandırılmalıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı gözləri çıxarılıb, cinsiyyət orqanı kəsilərək işgəncələrə məruz qalan itlə bağlı məsələyə münasibət bildirərkən deyib.
Azərbaycan Heyvanları Xilasetmə Mərkəzində (AARC) saxlanılan itə baş çəkən K.Zeynallı heyvanın müalicəsi üçün lazım olan xərcləri öz üzərinə götürəcəyini deyib:
"Bura gələnə qədər inanmaq istəmirdim ki, bu dəhşətli hadisə Azərbaycanda baş verib. Mənə şəkilləri göndərdilər, bizim ölkəmizdə olmaz, yəqin başqa ölkədə çəkilib deyirdim. Amma indi görürəm ki, bu vəhşiliyi edən bizim aramızda gəzir. İtin əməliyyat xərclərini öz üzərimə götürəcəyəm. İt iki ay burada saxlanılmalıdır.
Necə vəhşi insanlar var, itin gözlərini oyub, cinsiyyət orqanını kəsiblər. Həmin şəxsə heyvan da demək olmaz. O şəxs ermənidən betərdir. Heyvana bunu kim edib bilmirəm, amma bilən varsa, mənə desin.
Günahsız itə bu işgəncələri edənin kim olduğunu mənə deyənə pul mükafatı verəcəyəm. Bizdə bu məsələlərdə birlik göstərmirlər. Türkiyədə bir itin ayaqlarını kəsmişdilər, həmin şəxsi tapdılar və cəzalandırdılar. Bizdə isə bunu görə bilmirəm. O şəxs mütləq tapılıb cəzalandırılmalıdır".
Xatırladaq ki, sosial şəbəkədə itə qarşı dəhşətli işgəncələr verilməsini əks etdirən görüntülər yayılıb. İşgəncələrə məruz qalmış it Sabunçu rayonu Balaxanı qəsəbəsi yaxınlığında tapılıb. Heyvanın fotoları görənləri dəhşətə gətirib. Naməlum şəxs və ya şəxslər itin gözlərini çıxarıb, ona ağır işgəncələr verərək, cinsiyyət orqanını kəsiblər. İt heyvansevərlər tərəfindən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə (AARC) aparılıb.
Kamil Zeynallı: “İtə işgəncə vermiş şəxs mütləq tapılıb cəzalandırılmalıdır” - VİDEO
Könül Cəfərli
Rəylər