Qan Turalı yazır...
Şairin də dediyi kimi, tarix təkrar olunur deyirlər, ancaq ibrət alsaydıq təkrar olardımı?
1916-cı ildə I Dünya Müharibəsi günlərində Rusiyada 400 faizlik hiperinflyasiya vardı. Milyonlarla kəndli müharibəyə çağırıldığından torpaqların çoxu əkilmirdi. Paytaxtın 10 min vaqon ərzağa ehtiyacı olsa da cəmi 6500 vaqon ərzaq gətirilmişdi. Qıtlıq, üstəgəl bahalıq imperiya ucqarı Bakıda, tarixə “Arvadlar inqilabı” (Babıy bunt) adı ilə düşən üsyanın əsas səbəbi olmuşdu. Mağazalar, dəyirmanlar, ərzaq anbarları talanmış çar polisi ancaq dörd gün sonra üsyanı yatıra bilmişdi.
100 il sonra Rusiya bu qorxulu ssenariləri yenidən yaşamaq üzrədir. Orta əsrlərdə əsas gəlir mənbəyi əkinçilik olduğu üçün torpaqları işğal etmək də gəlirli idi. Ancaq Yeni Dövrdən sonra dünyanın çöhrəsi dəyişdi, sənaye ön plana çıxmağa başladı. Ərazisi Azərbaycandan azca böyük (100.363 kvadratkilometr) olan Cənubi Koreyanın ümumi istehsalı 17.1 milyon kvadratkilometrlik nəhəng Rusiyadan 250 milyard dollar çoxdur. Bu sadə fakt müasir iqtisadiyyatın mahiyyətini və inkişaf meyilini müəyyən edir.
Rusiya iqtisadiyyatı embarqolardan əvvəl də möhkəm bünövrəyə əsaslanmadığı kimi heç bir perspektiv də vəd etmirdi. Belə ki, Rusiyanın 489 milyard dollarlıq ixracatının 240 milyardını, yəni yarısını neft və qaz gəlirləri təşkil edir.
Bir barel neft Rusiyaya 40-50 dollara başa gəlir. Neftin qiyməti indi 100 dolları ötüb keçib, ancaq 1998-ci ildə o, cəmi 14 dollara idi. Üstəlik, Səudiyyə nefti çox daha ucuzdur, bu da rus neftinin rəqabətədözümlülüyünü azaldır.
Və bir də... Təsəvvür edin ki, “Apple” şirkəti 250 dollara başa gələn telefonu 750 dollara satır, ancaq Rusiya 500 dollar əldə etmək üçün 10 barrel neft satmalıdır...
Rusiyanın makroiqtisadi göstəriciləri ilə onun Avropa Birliyi (AB) və ABŞ-la konfrontasiyası da ziddiyyətlidir. Belə ki, Rusiyada göstəricilər 33.8 faiz olduğu halda Çində bu rəqəm cəmi 14.6 faizdir. Bura, ABŞ (5.7%) və Yaponiya (3%) də əlavə edək. Üstəlik, Rusiyanın ən böyük investoru AB-dir: 311 milyard dollar. Rusiya şah damarları ilə AB-yə bağlıdır. Bu rəqəmlər fonunda aqressiv siyasətə əsas tapmaq çətindir.
Rusiya iqtisadiyyatının rəqabətədavamlılığı da yoxdur. Və ən böyük problemlərdən biri də budur. Belə ki, AB Rusiya qazını İran qazı ilə əvəz edə bilər. Ancaq Rusiyanın Almaniya avtomobillərinə, tibbi cihaz və avadanlıqlarına ehtiyacı var. Eritreya alman avtomobili istehsal etmir ki. Rusiya kompüter, televizor, videokamera kimi yüksək texnologiya məhsullarını idxal edir. Şimali Koreyada isə kompüter satılmır.
IFW və WIFO institutlarının apardığı araşdırmada embarqonun Rusiya iqtisadiyyatına olan təsirləri təsvir edilir. Müəlliflərə görə, tətbiq edilən tədbirlərdən sonra Rusiya iqtisadiyyatı 10 faiz kiçiləcək. Əlbəttə ki, NATO blokundakı ölkələrə də embarqolar təsir edəcək, amma Rusiyaya baxdıqda onların itkiləri epizodikdir. Almaniyada 0.4 faiz olan kiçilmə ABŞ-da isə az qala mikroskopik səviyyədədir - 0.04 faiz. Araşdırma Rusiyanın ixracdan çox idxal prosesində çətinlik çəkəcəyini bildirir. Bu da təbiidir, çünki sənaye inkişafında geri qalan Rusiya idxalat üçün xarici valyuta qıtlığı çəkəcək.
Ancaq Ukraynada heç bir şey baş verməsəydi belə Rusiyanın dərin böhrana düşəcəyi şəksiz idi. Belə ki, “2021 Dünya İqlim Zirvəsi”nin hesabatında neftin 2040-cı ildə heç bir kommersiya əhəmiyyətinin qalmayacağını bildirir. “Paris iqlim sazişi” də karbon emissiyasının azaldılmasını nəzərdə tutur. Alternativ enerji mənbələrinin son dərəcə aktuallaşdığı bir dövrdə Rusiyanın ixrac siyasəti perspektivsiz görünür.
Atatürk hələ Cümhuriyyət elan edilməmişdən təşkil etdiyi İzmir İqtisad Konqresində belə demişdi: “Tariximizin uğurları, zəfər və qələbələri eləcə də məğlubiyyət, fəlakət və süqutları öz dövrlərinin iqtisadi vəziyyətləri ilə sıx bağlıdır, əlaqəlidir”.
Başqa sözə nə gərək?